BAKI, 3 yanvar — Sputnik. Bakının Nobel prospektində yol yenidən çöküb. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O, qeyd edib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil: "Hazırda ərazidə iki qrup çalışır. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur. Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir".
"İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bidiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır" - deyə "Azərsu" sözçüsü bildirib.
A.Cəbrayıllının sözlərinə görə, qurumun mütəxəssisləri ərazidə araşdırma aparıb və məlum olub ki, "Azərsu" ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur: "Əksinə, kənardan qrunt suarının bizim xətlərə, Sahil kollektoruna axıntısı müşahidə edilir. Bunun da hesabına ərazidəki torpağın boşalması halları baş verə bilər. Hazırda əməkdaşlarımız izolyasiya işləri aparırlar ki, kənar sular bizim xətlərə daxil olmasın. Ehtimal olunur ki, qrunt sularının bizim xətlərə axması nəticəsində torpaq boşalması və çökmə baş verib".
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq çökmənin səbəblərini araşdırmağa başlayıblar.
"Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edildi. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib" - deyə Nəcəfli bildrib.
Onun sözlərinə görə, hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır: "İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentliyimiz tərəfindən çökmüş hissə bərpa olunacaq".
Qeyd edək ki, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.