İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 1 yanvar — Sputnik. Ana olmaq dünyanın ən böyük xoşbəxtliyidir. Övladını qucağına alıb, qoxusunu ciyərinə çəkəndə heç ağlına da gətirə bilmirsən ki, uğrunda canından keçdiyin, yeməyib, yedirdiyin, geyməyib, geyindirdiyin, uğrunda yuxusuz gecələr keçirdiyin övladın səni bir gün ögey, yad birisi kimi özündən qoparıb ata bilər. Onu böyütdükcə üzündə iz salmış illərin qırışlarına, əyilmiş qəddinə, bükülmüş belinə, tutulmuş gözlərinə belə, əhəmiyyət verməz. Bir də onda anlarsan ki, atılmısan...
Eynən budəfəki qəhrəmanım Sona Rəhimbəyova kimi... Sona xanımla da həyat bu oyunu oynayıb. Əzab əziyyətlə dünyaya gətirib, böyütdüyü övladı bir gün yada çevrilərək, ondan üz döndərib. Qadın ahıl yaşında yadlara sığınıb. İncidilib, təhqir olunub, ölümlə üz-üzə qalıb. Əlini həyatdan tam üzdüyü günlərin birində bir də baxıb ki, ömür boyu qorxduğu, çəkindiyi qocalar evindədir.
Sona xanım indi bir ildən artıqdır ki, qocalar evinin sakinidir. Daha əvvəlki kimi kədərli deyil, üzü də gülür. Özünə də baxır. Deyir ki, insan hansı yaşda olursa-olsun, özünə baxmalı, qulluq etməlidir ki, başqaları da ondan enerji ala bilsin.
Qəhrəmanımın dediyinə görə, ailə həyatı qursa da, cəmi bir övladı - qızı dünyaya gəlib. Qızı dünyaya göz açanda Sona xanıma sanki onunla birlikdə dünyanı da veriblər. Bütün arzularını qızı ilə bağlı qurub. Qızından sonra başqa övlad dünyaya gətirmək barədə belə, düşünməyib. Övladına o qədər bağlanıb ki, ailə quranda da onun yanında yaşamasını istəyib.
"İstəmirdim məndən ayrı qalsın. Çox istəyirdim onu. Onunla nəfəs alırdım. Böyütdüm, təhsil verdim, ailə qurdu. Bir qızı dünyaya gəldi. Ona da mən baxırdım. Nəvəm üçün ölürdüm" - deyən Sona xanım dərindən ah çəkir. Ancaq ağlamır, deyir ki, qızı üçün axıtmağa göz yaşı da qalmayıb.
Ötən ilin əvvəlləri isə Sona xanımın qızı onunla razılaşmadan qərar verir ki, anasının evini satsın və İsrailə köçsün. Bunu Sona xanıma deyəndə, qadın razılaşmır. Ancaq qızı və onun əri artıq qərarlarını verirlər və evi satırlar. Sona xanımı özləri ilə İsrailə aparmaq istəsələr də, o, razılaşmır. Qızı ilə kürəkəni onu qonşuya tapşıraraq ölkədən gedir: "Mən Azərbaycandan gedə bilməzdim. Bura mənim vətənimdir, yurdumdur. Qızımgil məni qonşuya tapşırdılar. Guya qonşunun evində qalacaqdım. Qonşum mənə yaxşı baxacaqdı. Mənim pensiya kartım da qonşuda idi. Qızım da ona əlavə pul göndərirdi".
Qəhrəmanımın dediklərinə görə, qonşusu isə ona baxmır: "O məni elə bir vəziyyətə salmışdı ki, ölürdüm. Hər şeyi zəhrimara döndərirdi. Qoymurdu kimsə yanıma gəlsin. Telefonla danışmağa, qonşulara getməyə, televizora baxmağa, hamamdan istifadə etməyə belə, mənə icazə vermirdi. Qorxurdu ki, mən onun haqqında danışaram. Əl üzümü yumağa gedirdim, ona da danışdırdı".
"Cəmi 4 ay qonşumun evində qaldım. Sonra başqa qonşum bacım oğluna zəng eləyib dedi ki, "gəl, gör xalan nə gündədir". Sağ olsun bacım oğlu, gəlib məni o evdən çıxardı. Ancaq bütün əşyalarım, qədimi qablarım qaldı orda. Qızımı da elə o qonşu yoldan çıxardı. Ordan qocalar evinə gələndə, sanki cəhənnəmdən cənnətə düşmüşdüm" – deyə danışır Sona xanım.
Sona xanım qocalar evinə gələndən sonra qızı ilə danışmaqdan da imtina edib: "Qızım Bakıya gəlmişdi. Mənə zəng elədi. Dedim ki, mənim sən adlı qızım yoxdur. Gəlmə, səni istəmirəm. Burada Qətibə xanım mənə övladlıq elədi. Evindən hər cür yemək gətirirdi mənə. Bir həftəyə məni ayağa qaldırdı. Çox xəstə idim, arıqlamışdım, qəmli idim. Mən axı ana idim, onun qızını belə, mən böyütmüşdüm, qızım mənə dəyər verməli idi. O isə məni yada etibar etdi, evimin bütün əşyalarını payladı. İnsan gərək özünü bu qədər alçaltmasın".
Dediyinə görə, Sona xanım özünü burada xoşbəxt, dünyaya yeni gəlibmiş kimi hiss edir.
Onunla sağollaşıb ayrılıram. Kədərli baxışlarla arxamca baxır. Deyir ki, "ara-sıra gəl, səninlə söhbət maraqlıdır. Sanki mən də gəncləşirəm səninlə"...