Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Rusiyalı rəssam Anna Danilova öz həyat yoldaşı Semyon Danilovla birlikdə yay tətilini Bakıda keçirib. O, öz yaradıcı işlərinin bir hissəsini bu şəhərə və bakılılara həsr edib.
Cütlüyün beyninə yay tətilini harada isə başqa ölkədə keçirmək ideyası gəlib və onlar haqqında çox eşitdikləri Azərbaycanı ziyarət etmək qərarına gəliblər. Onlar eyni zamanda ölkəmizin görməli yerlərinin siyahısını hazırlayıblar. Bu siyahıya İçərişəhər, Heydər Əliyev Mərkəzi, Dənizkənarı bulvar və digərləri daxil edilib.
"Yoldaşım qışda yanıma gələrək dedi ki, Bakını ziyarət etmək istəyir. Mənim üçün bu, gözlənilməz oldu. Amma biz qərara gəldik ki, ora yayda gedək. Çox yerdən oxumuşduq ki, Bakını iki cür adlandırırlar: bir Atəşgaha görə "Allahlar şəhəri", bir də "küləklər şəhəri". Və həqiqətən də orada külək sərt deyil, amma sürətlidir və az qalır adamın paltarını əynindən çıxarsın" — deyə Semyon Danilov Youtube-a yerləşdirdiyi videoçarxda bildirib.
Cütlüyü hər şeydən çox Bakının istisi heyrətləndirib. Onların sözlərinə görə, Meksikanı ziyarət edəndən sonra onlar heç yerdə isti hava ilə qarşılaşmayacaqlarını düşünüblər, amma yanılıblar. Bakıya gəldikləri ilk gün onlar dənizdə üzmək qərarına gəliblər. Bunun üçün dənizkənarı bulvara gediblər. Amma biləndə ki, burada üzmək qadağandır, təəccübləniblər. Onlar şəhərin mərkəzində postsovet ölkələrindən gələn və ərəb turistlərdən ibarət qələbəliyi görəndə şoka düşüblər. Onların fikrincə, ərəblər Bakını müasirliyinə görə lənətlənmiş şəhər də hesab edə bilərlər.
"Mənim yoldaşım rəssamdır, amma o qərara gəlmişdi ki, Bakıya kağız, boya, fırça götürməsin. Lakin sonra heç özü də bilmədi ki, bütün bunlar onun çantasına necə düşdü. O istəyirdi ki, tətilini bir saniyə belə nə isə çəkmədən, əri ilə çimərlikdə dadlı yeməklər yeyərək keçirsin. Fəqət hər şey tərsinə oldu. Ən maraqlısı da odur ki, o, həmişə təhlükəsiz və qeyri-adi insanların dolaşdığı yerlər, ən əsası da yaxşı rakurs axtarır. Bakı da məhz elə idi" — deyə Danilov bildirib.
Anna dənizkənarı bulvarda skamyada oturaraq rəsm çəkərkən maraqlı hadisə baş verib. Rəssamın pul xatirinə rəsm çəkdiyini düşünən polis ona yaxınlaşıb. Sonra biləndə ki, bu rəsm Moskvada keçiriləcək sərgidə nümayiş etdiriləcək, üzr istəyib və uğur arzulayıb.
"O, rəsm üzərində bir neçə saat işləyərkən bir sıra insanlarla tanış olub. Biz oradan getməyə hazırlaşarkən, yaşlı bir qadın yanımızda oturaraq suallar verməyə başladı. Biləndə ki, biz Moskvadan gəlmişik, o ağlamağa başladı və dedi ki, Azərbaycanda rusların sayının azalmasından narahatlıq keçirir. Bu, bizi də kədərləndirdi" — Danilov yazıb.
Cütlüyün ən çox Azərbaycan yeməkləri xoşuna gəlib. Onların fikrincə, bizim yeməklər italyan yeməklərindən ləzzətlidir. Baxmayaraq ki, deyilişi çətin olduğu üçün onların adlarını xatırlaya bilmirlər, amma hamısı dadlıdır. Onların Bakıda təkcə kofe xoşlarına gəlməyib. Amma əvəzində çoxlu çay içiblər.
"Azərbaycanda istənilən şəraitdə ac qalmaq mümkün deyil. Burada hər şey çox dadlı və iştahaçandır. Buradakı istənilən gözəl məkanda, məsələn, hər yerinin gözəl olduğu İçərişəhərdə hazır etüdlər mövcuddur. Sənə sadəcə hazır eskizləri canlandıraraq genişləndirmək lazım gəlir. İçərişəhərdə elə rahat restoranlar var ki, orada olarkən bunun məhz sənin çəkmək istədiyin mənzərə olduğunu başa düşürsən" — deyə Anna Danilova qeyd edib.
Cütlük yenidən Azərbaycana qayıtmağı söz verib. Çünki onların ziyarət etmək istədikləri xeyli yer qalıb.
Bakıda olan rəssam bura bir sıra əsərlərini də həsr edib. "Bakı həyətləri", "Gecə Bakısı", "Bakının mərkəzi" və digər əsərlərində o, şəhərin ən maraqlı yerlərini əks etdirməyə çalışıb. Bu rəsmlərin hamısı sentyabrın 28-də Moskvada keçiriləcək sərgidə nümayiş etdiriləcək.