BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən müddət ərzində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş və sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədə təsdiqini tapmış dəstək mexanizmləri formalaşmışdır.
Fərmana əsasən müəyyən edilir ki:
1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkarlar) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi aşağıdakı tələblərə əsaslanır:
1.1.1. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər, sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciəti ilə həmin orqanın (qurumun) sorğusu əsasında, bu Fərmanın 1.1.2–1.1.5-ci yarımbəndlərində qeyd olunmuş tələblər nəzərə alınmaqla verilir;
1.1.2. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir;
1.1.3. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz;
1.1.4. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən geci 20 gün ərzində həyata keçirilir;
1.1.5. təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq informasiya sistemlərində yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsi təmin edir;
1.2. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihələrini (layihələrdə bu Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən qazın və suyun buraxılış həcminin yuxarı hədlərini göstərilməklə) üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmanın 1.1.5-ci bəndində göstərilən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edən qaydaları üç ay müddətində təsdiq etsin;
2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn zəruri tədbirlərin icrasını təmin etsinlər.