Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 24 dekabr — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytı yenidən bir neçə idmançının qanında dopinq aşkarlandığını qeyd edib. Bunların sırasında ağır atletimiz Azər Məmmədlinın də adı var.
Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq Azər Məmmədlinin cəzası məlumdur. 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azər Məmmədli 23 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub. Onun orqanizmində etioxolanolon maddəsi tapılıb. İdmançının cəzası 17 iyul 2018-ci ildən qüvvəyə minib.
Kənan Məstəliyev qeyd edib ki, Federasiya idmançılara dopinqdən uzaq olmağı həm tapşırır, həm də ciddi nəzarət edir: "Amma idmançı qaydalara riayət etmirsə, bu, artıq onun günahıdır və cəzasını çəkməlidir".
O əlavə edib ki, Elmar Alıyev və Hüseyn İsmayılovdan götürülən nümunələrin müsbət nəticə verdiyi açıqlansa da, onlar haqqında cəza hələ verilməyib.
Kənan Məstəliyev London Olimpiyadasında 56 kilo çəki dərəcəsində bürünc mükafat qazanan Valentin Xristovun qanında aşkar edilən dopinqin nəticələrinə də fikir bildirib. O deyib ki, nəticələr heç də ürəkaçan deyil: "Valentin Xristovun 2012-ci ildə onun qanından götürdükləri qan nümunəsi daha müasir avadanlıqla ilə yenidən yoxlanılıb. Hətta yeni avadanlıqlar ilə əvvəllər aşkar edilməyən maddələr indi aşkar edilib".
"Valentin Xristovda Dehydrochloromethyltestosterone maddəsi aşkarlanıb. Doğrudur, hələ qərar verilməyib, amma təcrübə göstərir ki, belə hallarda idmançının nəticələri ləğv edilir. Yəqin ki, yaxın günlərdə olimpiya tarixində ağır atletika üzrə qazandığımız yeganə medalımız əlimizdən alınacaq. Buna görə çox təəssüf edirik" - deyə, Federasiya rəsmisi əlavə edib.