Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. İki aya yaxındır ki, Beyləqan rayon mərkəzində və kəndlərində elektrik enerjisinin fasilələrlə veriməsi artıq adət halını alıb. Qış fəslində küləkli və çovğunlu havada bu kimi halların baş verməsi əhalini təngə gətirib.
"Azərişıq" ASC-nin 199 qaynar xəttinə düşə bilməyən rayon sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə müraciət ediblər. Daxil olan şikayətlərə əsasən, rayon mərkəzində və kəndlərində, demək olar ki, hər gün işıq enerjisi kəsilir. Gün ərzində minimum 3-4 saat, maksimum 6-7 saat işığın verilməsində fasilələr yaranır.
Rayon sakini Atlas Allahyarovanın dediyinə görə, problemin gündən-günə daha da çətinləşir: "İki aya yaxındır ki, bu vəziyyətdəyik. Evində körpəsi, qocası, xəstəsi olan insanlar var. Qaynımgilin evdə körpə uşaq var. Onlar istilik sistemi ilə evlərini qızdırırlar. İşıq sönür və ev soyuyur. Nə qədər vaxtdır ev soyuq olduğundan uşaq da xəstələnib".
"Evimizdə xəmir yoğurub çörək bişirmək istəsək də, işıqların tez-tez sönməsi üzündən xəmir saatlara qalır, ərzağımız xarab olur. Aidiyyəti orqanlar hara baxır, bilmirik . "Azərişıq" ASC-nin 199 qaynar xəttinə gün ərzində dəfələrlə zəng eləsək də, telefonlarımıza cavab verən yoxdur" - deyir A.Allahyarova.
Başqa bir Beyləqan sakini Ehtiram Əliyev də bildirir ki, xüsusilə qış mövsümündə belə problemlə üzləşmələsi ciddi sıxıntılara səbəb olur: "Qışın bu çağında işığımızı kəsmələri nə dərəcə də düzgündür? Problem ondan ibarətdir ki, bu rayonda suyun gəlməsi də işığın yanmasından asılıdır. Belə ki, işıq olmadıqda suyumuz da gəlmir. Bizə ancaq suyu günorta saatlarında buraxırlar. Əgər günorta işığımız söndüsə, o zaman həmin gün susuz qalırıq".
"Bura cəbhə bölgəsi hesab olunur. Buna görə də rayona daha çox diqqət yetirmək, belə problemləri daha tez həll etməyə çalışmaq lazımdır. Çünki əsgərlərimizin paltarlarının yuyulması, ütülənməsi və sair elektrik enerjisinin verilməsindən asılıdır" - danışır E.Əliyev.
O, işıqsızlıq probleminin hər sahədə özünü göstərdiyini dilə gətirir: "Qızım 3-cü sinif şagirdidir. Günorta növbəsində oxuduğundan axşam saatlarında dərsdən gəlir və işığın olmaması ucbatından dərslərinə hazırlaşa bilmir. Çox xahiş edirik, səsimizi aidiyyəti qurumlara çatdırasınız".
Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı "Azərişıq" ASC-nin Beyləqan rayon şöbəsi ilə əlaqə saxlayıb. Qurumun rəsmisi Məhərrəm Sərdərov məsələni rayonun işıqpaylayıcı xətlərində problem olması ilə əlaqələndirib.
"Bu səbəbdən xətləri dəyişməyi qərara aldıq. Bakıdan və İmişlidən bu işlə məşğul olmaq üçün mütəxəssislər də dəvət olunub. İş prosesi hələ 1 ayadək davam edəcək" - deyə M.Sərdarov vurğulayıb.