Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 14 dekabr — Sputnik. Bakıda bir kişi yaşadığı "sevgi romanı" haqqında başqalarına danışıb və buna görə onu peşman ediblər. Sevgi sirrləri ilə şantaj edilən kişi axırda polisə müraciət etməli olub.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu yolu ilə pul tələb edən şəxsləri saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.
Saxlanılan şəxslər paytaxt sakinləri - 37 yaşlı X.Teymur və 29 yaşlı Q.Elçindir. Hələlik məlum olan odur ki, onlar 57 yaşlı kişini (adı etik səbəblərdən açıqlanmır - red.) şantaj ediblər. Zərərçəkmiş Nərimanov RPİ-nin 18 saylı polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bu ilin oktyabrında Hacı Məmmədov küçəsindəki parkda sözügedən şəxslərə susmaları üçün 15 min manat pul verib.
Kişi Teymur və Elçinlə iki il əvvəl tanış olub. Hələlik onların hansı şəraitdə tanış olduqları açıqlanmasa da, saxlanılan şəxslər zərərçəkmiş tərəfin gizli məhəbbəti barədə məlumata malik olublar. Cinayətkarlar kişiyə bildiriblər ki, bu sevgi əhvalatı barədə pulsuz susmaq onlara sərf eləmir.
Ona görə də, bu gizli aşiqi şantaj etməyə başlayıblar. Onlar birinci dəfə yaxşı məbləğdə pul əldə edəndən sonra torlarına "qızıl balıq" düşdüyünü zənn ediblər. Bu il dekabrın 5-də kişidən yenidən 10 min manat dəyərində pul tələb ediblər. Bu dəfə kişi vəziyyətlə barışmamaq qərarına gəlib və tanışları ilə bağlı polisə müraciət edib.
İndi şantajçılar şantaja, hədə-qorxu yolu ilə pul tələb etməyə, ən əsası isə başqasının özəl həyatına müdaxiləyə görə qanun qarşısında cavab verməli olacaqlar.