BAKI, 11 dekabr — Sputnik. Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək, Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimai Əlaqələr Bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.
"Anım mərasimi başa çatanadək Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək" - deyə o bildirib.
DYP sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.