BAKI, 11 dekabr — Sputnik. Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, araşdırma nəticəsində "İnşaat Konstruksiyaları" MMC-nin vəzifəli şəxsləri tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarının pozulması müəyyən olunub. Sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyekti sökülüb. Bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Aparılmış araşdırmalarla "İnşaat Konstruksiyaları" MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.