BAKI, 6 dekabr – Sputnik. Bakıda gender əsaslı zorakılığa qarşı Krav Maqa özünü müdafiə üzrə təlim Proqramının açılış mərasimi keçirilib
Dekabrın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində Krav Maqa özünümüdafiə üzrə təlim Proqramının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Krav Maqa özünümüdafiə təlimini İsrail səfirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib.
Təlim proqramının açılışında çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Proqram barədə məlumat verib: "Təlimin bu günlərdə keçirilməsi heç təsadüfi deyil, çünki 25 dekabr - Beynəlxalq Qadınlara qarşı zorakılıq ilə mübarizə Günü və 10 dekabr - İnsan hüquqları Gününü əhatə edir. Akademiyada gender bərabərliyinə xüsusi önəm verilir, müxtəlif proqramlar reallaşdırılır".
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında qeyd edib ki, bu gün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır: "BMT-nin "Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü" ilə bağlı keçirilən 16 günlük kampaniyasını dəstəkləyirik. Məqsədimiz bir daha insanların diqqətini belə bir həssas məsələyə cəlb etməkdir. Müasir dünyada qadın hüquqları bütün cəmiyyətlərin, həmçinin, beynəlxalq siyasətin mühüm hissəsidir və öz həllini gözləyən vacib vəzifələrdəndir".
Azad Rəhimov çıxışında ölkəmizdə qadınların vacib rolunu vurğulayıb: “Qadınların müasir dünyada hər bir sahədə gender bərabərliyi qorunur. Hazırda ölkəmizdə bir milyondan artıq insan idmanla məşğul olur. Təəssüf ki, dünyada qadınlar, xüsusi ilə gənc qadınlar zorakılığa məruz qalır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir çox qadınlar zorakılıq və şiddətə məruz qalıb”.
Tədbirdə həmçinin İsrailin müvəqqəti işlər vəkili Avital Rosenberg çıxış edib. O, tədbir iştirakçılarına dünyanın 100-dən çox ölkəsində qadın və uşaqlar arasında özünümüdafiənin populyar növü olan İsrailin Krav Maqa döyüş sənəti haqqında məlumat verib.
Krav Maqa Federasiyasının təlimçisi Lilaç Şiff İdman Akademiyasının qadın tələbələri üçün master-klass keçib, onlara özünümüdafiənin əsas hərəkətlərini nümayiş etdirib.