Azərbaycanda qadın sahibkarların sayı 150 minə çatıb

CC0 / jarmoluk / womanKommunal qəbzləri hesablayan qadın, arxiv şəkli
Kommunal qəbzləri hesablayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kişilərə nisbətən qadın əməyinin qarşılığının orta hesabla 23 faiz daha az ödənildiyi bəlli olur

BAKI, 4 dekabr — Sputnik. Araşdırmalar göstərir ki, qadınlar iqtisadiyyatda bərabər şəkildə iştirak edə bilsələr, 2025-ci ildə qlobal ümumi daxili məhsul (ÜDM) 26 faiz artaraq 12 milyard dollar təşkil edə bilər. Lakin təəssüf ki, dünyada əmək qabiliyyəti olan qadınların yalnız 50 faizi hazırda işləyir –əmək qabiliyyəti olan kişilərin 77 faizinə nisbətdə. Sputnik Azərbaycan BMT-nin İnkişaf Fonduna istinadən xəbər verir ki, özəl sektorda gender vəziyyətinin qiymətləndirilməsinə dair aparılan tədqiqatın nəticələri açıqlanıb. Gender bərabərliyi və qadınların iqtisadi potensialını inkişaf etdirmək üçün özəl sektorun rolu üzərində qurulan bu tədqiqat, Azərbaycanda qlobal tendensiyalarla böyük oxşarlıqları ortaya qoyaraq, xüsusilə qadınların özəl sektorda qarşılaşdığı çətinlikləri və imkanları analiz edir və müəyyən tövsiyələr irəli sürür. 

Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır  - Sputnik Azərbaycan
VİDEO
Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır

Son 5 ildə Azərbaycanda öz biznesini quran qadınların sayında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2012-2017-ci illər ərzində qadın sahibkarların sayı iki dəfə artaraq 143 000 nəfəri keçib. Lakin özəl sektorda gender bərabərsizliyinin aradan qaldırılmasına hələ də böyük ehtiyac vardır. Son illərdə Azərbaycanın qanunvericilik bazasında, səhiyyə və təhsil sistemində gender bərabərliyi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunub, özəl sektorun inkişafını sürətləndirmək üçün dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilib. Lakin buna baxmayaraq, gender bərabərliyinin tam təmin olunmasında bir sıra çətinliklər də mövcuddur. Dünya statistikasına nəzər salsaq, qadınların qeyri-formal əmək fəaliyyəti ilə daha çox məşğul olduqları da görünür, lakin kişilərə nisbətdə onlar ən azı 2,5 dəfə daha çox ödənişsiz məişət işləri ilə məşğul olduğu bir halda, yenə də kişilərə nisbətən qadın əməyinin qarşılığının orta hesabla 23 faiz daha az ödənildiyi bəlli olur.

Azərbaycanda isə, məhz elə mövcud qlobal trendlərə uyğun olaraq, qadın və kişilərin sektorlar və peşələr üzrə bölgüsü, ödənişsiz məişət işlərinin qeyri-mütənasib paylanması, iş yerində ayrı-seçiklik və bu kimi digər problemlər müşahidə edilməkdədir.

Gender vəziyyətinin qiymətləndirilməsinə dair aparılan tədqiqatın başlıca məqsədi qadınların özəl sektorda iştirakına təsir edən amilləri müəyyən etmək, o cümlədən qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi, iqtisadiyyatda iştirakı və özəlliklə formal məşğulluq imkanlarının artırılması istiqamətində fəaliyyət göstərən hökumət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinə töhfə vermək olub. Qiymətləndirmənin əsas vəzifələri qadınların iş imkanlarından yararlanması, layiqli iş yerləri ilə təmin edilməsi və özəl sektorda uğurlu karyera qurmasının qarşısını alan gender əsaslı amilləri müəyyən edib, təhlillər aparmaqdan ibarət olub. Qiymətləndirmə zamanı, eyni zamanda kişilərin özəl sektor iqtisadiyyatında iştirakına təsir edən gender əsaslı amillər təhlil edilib. 

Hazırkı tədqiqat Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu (UNFPA), Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və İsveçrə Səfirliyinin birgə əməyi, təşkilatçılığı və peşəkar bilikləri sayəsində ərsəyə gəlib. 

İstehsalat sexi, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sahibkar iş yerlərini niyə gizlədir?

Tədqiqat İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycandakı Nümayəndəliyi vasitəsilə İsveçrə hökuməti tərəfindən maddi dəstək alıb, eləcə də BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun maliyyə yardımı hesabına həyata keçirilib. Hesabatın təqdimat mərasiminin informasiya tərəfdaşı qismində Azərbaycanda Amerika Ticarət Palatası "AmCham Azərbaycan" çıxış edib. Hesabatın tam versiyası ilə BMTİP-in rəsmi veb-səhifəsinin tədqiqat və hesabatlar bölməsində tanış olmaq mümkündür.

150 nəfərdən artıq beynəlxalq təşkilat, dövlət qurumu, özəl sektor, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri və media nümayəndələri bir araya gətirən təqdimat mərasimində həmçinin aztəminatlı qadınların rifahı və cəmiyyətdə rolunun artırılmasına yönəlmiş yeni bir layihənin başlandığı da bəyan edilib.

"Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması" adlı yeni regional layihə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən Qafqazda idarə edilir. Azərbaycanda, layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə həyata keçiriləcək.

Xəbər lenti
0