Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 1 dekabr — Sputnik. Azərbaycanlı müğənni, daha çox EKA adı ilə məşhur olan Elnarə Həsənli yeni layihə üzərində işləyir. O, yeni layihəsini yaxın günlərdə təqdim etmək niyyətindədir. Həsənli, Sputnik Azərbaycan-a müsahibəsində özünün yeni kompozisiyaları, Amerika planlarının uğursuzluğa düçar olması və Kristina Aqilera ilə konsertindən danışıb.
- Elnarə, siz hara yoxa çıxmısız? Çoxdandır sizdən yeni bir xəbər yoxdur...
- Mən heç də yoxa çıxmamışam. Artıq üç ildir ki, Baku Jazz Festival ilə əməkdaşlıq edirəm. Hər dəfə layihələrdə müxtəlif vəzifələri daşıyıram. Bu il festival çərçivəsində keçirilən gənc ifaçıların I am Jazzman! müsabiqəsinin koordinatoru olmuşam.
- Bəs yaradıcılığınızla bağlı nə var?
- Mən işimi davam etdirirəm. Hazırda yeni layihə üzərində işləyirəm. Sadəcə səhhətimlə bağlı olaraq bəzi işləri ertələmək lazım gəldi, amma dondurmamışam.
- Biz axırıncı dəfə görüşəndə sizin ABŞ-da tanınmanız üçün çalışan prodüserlə əməkdaşlıq edirdiz. O zaman Mayami, Nyu York və Los Ancelesdə keçirilən musiqi festivallarında iştirak etməli, hətta məşhur həmkarınız Kristina Aqilera ilə birgə səhnəyə çıxmalı idiz. Yaradıcılığınız üçün vacib olan bütün bu layihələrin aqibəti nə oldu?
- Əlbəttə, siz haqlısız, bütün bunlar mənim yaradıcılığım üçün vacib idi. Sadəcə, təəssüf ki, amerikalı prodüserim öldü və mən bütün işlərimi dayandırmalı oldum. Bu illər ərzində Amerikada sinqlım çıxdı və o, Azərbaycanda da, onun sərhədlərindən kənarda da kifayət qədər uğur qazandı.
Hal-hazırda məni ancaq caz maraqlandırır. Düşünürəm ki, gənc nəslə kömək etməliyəm, çünki mən festivallara qatılan zaman heç bir köməyim olmayıb. İndi müğənni olaraq vəzifə borcum, bildiklərimi gənc həmkarlarıma öyrətməkdir. Caz elə musiqidir ki, daim öz üzərində işləməlisən.
- Çoxdandır sizdən xəbər olmadığından, söhbətlər gəzirdi ki, hər şeydən incimisiz və səhnəni tərk etmək qərarına gəlmisiz...
- Baxmayaraq ki, uzun illərdir səhnədəyəm, heç vaxt heç kəsdən dəstək görməmişəm. Deyə bilmərəm ki, məni unudublar. Məni xatırlayırlar, tanıyırlar, amma təbliğatım yoxdur, geniş kütlələrə təqdim edilmirəm. Yaxşıdır ki, heç olmasa, "Azərbaycan cazının tarixi" kitabında mənim haqqımda informasiya verilib. Fəxri adlar və mükafatlar mənim üçün o qədər də vacib deyil, lakin layihə kimi bəzi şeylər var ki, onları dövlət səviyyəsində həyata keçirmək istəyirəm, amma əlim heç yerə çatmır. Mənim çox yaxşı layihəm var - etnik musiqi ilə müasir musiqinin sintezi, fəqət dondurulmuş vəziyyətdədir. Heç kəs dəstəkləməyib. Heç bir kömək yoxdur. Bunlar məni bir qədər incik salır. Bütün bunlarla onlar mənim iradəmi və ruhumu öldürə bilmirlər. Mən o adamlardan deyiləm, məni söndürmək olmaz. Baku Jazz Festival-a təşəkkür edir, o, mənim ailəmdir. Artıq uzun illərdir Rain Sultanov və Leyla Əfəndiyeva ilə işləyirəm. Məni onlarla birlikdə işləməyə dəvət ediblər. Onlara məmnuniyyətlə kömək edirəm.
- Əgər hər şey istədiyiniz kimi olsaydı, indi siz kim olardınız?
- Mən indi pop-müğənni olardım. Lakin məni ən çox caz musiqisi cəlb edir. Ümumiyyətlə, eksperiment etməyi sevirəm. Mən Azərbaycanda R'n'B janrında oxuyan ilk adamam. İlk olaraq rok kompozisiyası ifa edəndə, caz mənim üçün birinci yerdə deyildi.
- Hazırda sizin şagirdləriniz var?
- Bu işlə birbaşa məşğul olmağı planlaşdırıram. Bir çox vokalçılar cazla məşğul olmaq istəyirlər və mən də onlara məmnuniyyətlə kömək edirəm. İnsanların əksəriyyəti düşünür ki, buna görə maliyyə əldə etmək lazımdır. Amma bu, səhv fikirdir. Pedaqoq təmənnasız olaraq təhsil verməlidir.
- Caz həmkarlarınızı necə qiymətləndirirsiz?
- Onlar daha çox pop musiqiyə meyllənirlər və əsasən pop cazı ifa edirlər. Çox adam cazı sevmir, amma mən çalışıram ki, onlara bu sevgini aşılayım. Hesab edirəm ki, vokalın vasitəsilə insanların fikrini dəyişmək olar.
- Cazı dinləyənlərin sayı artıb?
- Bəli, çoxlu gənc dinləyicilər meydana çıxıb. Bu, mənim xoşuma gəlir.
- Səhnəyə nə vaxt qayıdırsız?
- Mən səhnədən getməmişəm. Sadəcə məni görmürlər, çünki tədbirlərə getmirəm, Maraqlı olmayan yerlərdə özümü diskomfortda hiss edirəm. Təəssüf ki, hazırda kütlənin dinlədiyi tamamilə deqradasiyanın göstəricidir. Mənim üçün ilk növbədə yaradıcılıqdır. Çox istərdim ki, bizdə prodüser mərkəzləri olsun. Onlar bütün dünyada olduğu kimi bizdə də, artistlərin prodüserliyini edə, konsertlər vermək üçün şərait yarada bilsinlər. Prodüserlərə müraciət etmək istəyirəm ki, onlar nəhayət öz işləri ilə məşğul olsunlar və keyfiyyətsiz musiqini təbliğ etməsinlər. Televiziyalara baxmaq, radioları dinləmək mümkün deyil.
- Bəs pərəstişkarlarınız sizə necə qulaq asa bilirlər?
- Heç yerdə qulaq asa bilmirlər. Mən əsasən korporativ tədbirlərdə çıxış edirəm və onları da seçirəm. Çünki vaxtım çox deyil.