BAKI, 30 noyabr — Sputnik. Bu il Ermənistan ordusunda atışma nəticəsində ölən erməni hərbçilərinin sayı indiyə qədər görünməmiş şəkildə aşağı düşüb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Razdan şəhərində seçkiqabağı kampaniya zamanı bildirib.
"Ermənistan – Azərbaycan sərhədində gərginlik indiyə qədər görünməmiş səviyyədə aşağı düşüb. Ötən illərlə müqayisədə, həmçinin düşmən gülləsindən ölən əsgərlərin sayı da azalıb" – deyə Paşinyan iddia edib.
Qeyd edək ki, daha əvvəl Paşinyan Ermənistan – Azərbaycan sərhədi, həmçinin qoşunların təmas xəttində sakitliyin Düşənbədə əldə olunan razılaşmaların nəticəsi olduğunu bildirib.
Xatırladaq ki, bu ilin sentyabrın 28-i Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan müəyyən razılaşmalar əldə ediblər.