BAKI, 26 noyabr — Sputnik. “Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyib.
Noyabrın əvvəlində Madriddə keçirilən tədbirlə bağlı BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa hoteldə qalmaqalla bağlı yazılanlar barəsində danışan şeyx qeyd edib ki, bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir: “Qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyəsə görə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var. İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər?”
“Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm” - deyə Allahşükür Paşazadə bildirib.
Şeyxülislam qeyd edib ki, tədbir yüksək səviyyəli bir konfrans olub: “260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orada mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi. Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb”.
A.Paşazadə bildirib ki, hoteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən foyedə oturub çay içirdilər.
“Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər. Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi. Anar müəllim bizim ötən illərdə İspaniyada keçirdiyimiz konfranslarda da iştirak edib. Mən keçən il İspaniyada konfransdan sonra Bakıya qayıdanda prezident cənabları ilə görüşümüz oldu və mən orada səfirimizin müsbət fəaliyyətini, gördüyü işləri qeyd elədim. Prezident bundan məmnun qaldı. Biz Abel müəllimlə illərlə dostuq, münasibətimiz olub. Ona böyük hörmətim var. Uzun illər İlahiyyat Fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burada olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub” – deyə Şeyxülislam qeyd edib.
Abel Məhərrəmovun rektorluqdan azad edilməsinə münasibət bildirən A.Paşazadə deyib ki, bu prezidentin müstəsna səlahiyyətidir: “Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kiməsə görə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq? Bu işə Abel müəllimin oğlunu, qardaşlarını qarışdırmaq mən elə bilirəm ki, çox böyük haqsızlıqdır”.
Şəxsi münasibətlər barədə danışan şeyxülislam bu tədbirdən sonra Abel Məhərrəmov, ya da Siyavuş Novruzovla aralarında heç bir soyuqluq yaranmadığını deyib: “Heç bir soyuqluqdan söhbət gedə bilməz. Mən onunla bu gün də dostam. Mən onun oğluna oğlum kimi baxıram, nəvəsinə nəvəm kimi. O da mənə qarşı elədir. Bizim aramızda heç bir problem yoxdur. Siyavuşu da oğlumdan, qardaşımdan ayırmıram. Vaxtilə onun nikahını da mən kəsmişəm. Bir böyük, ağsaqqal olaraq özümə hər zaman ondan yalnız ehtiram görmüşəm”.