Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları sırasında yer alıb. Sputnik Azərbaycan xəbər verir ki, ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2019") Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunub.
İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və muğam ustadı (xanəndə) Alim Qasımov, həmçinin Azərbaycan əsilli müğənni Sami Yusif də yer alıb.
Bu il siyahıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq edir (Ötən il o, siyahıda beşinci yerdə qərarlaşmışdı). İkinci yerdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz, üçüncü pillədə isə İordaniya kralı II Abdulla ibn əl-Hüseyn qərarlaşıb.
"The Muslim 500"-də, həmçinin Türkiyənin sabiq prezidenti Abdullah Gül, sabiq xarici işlər naziri Əhməd Davudoğlu, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Tacikistan prezidenti Emomali Rəhmon, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yer alıb.
Bu il ilk dəfə, aşağı çəkidə qarışıq döyüşlər üzrə dünya çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov dünyanın ən nüfuzlu 500 müsəlmanı siyahısına daxil olub.
Siyahıda, həmçinin "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil, "Liverpul"un hücumçusu Məhəmməd Salah və dördqat Olimpiya çempionu Mo Fara da var.
Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.