Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 25 noyabr — Sputnik. Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsində olan ömürlük məhbus: "Biz başa düşürük ki, günahkarıq və özümüzə haqq qazandırmırıq". Ömürlük məhbus, Qarabağ müharibəsinin iştirakçısı Natiq Mirzəyev Azərbaycan prezidenti İlham Əliyevə yazdığı məktubda bu sözlərlə müraciət edib. Bu açıq məktub barədə Sputnik Azərbaycan-a məhbusun yaxın qohumları məlumat verib.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Natiq Mirzəyev 20 ildən artıqdır ki, həbsxanada cəzasını çəkir. Onun günahlandırıldığı cinayət 1994-cü ildə baş verib və o, 2000-ci ildə həbs edilib. Ona 1994-cü ildə mövcud olan maksimal cəza - ölüm hökmü verilib. 1998-ci ildə isə Azərbaycanda ölüm cəzası ləğv edilib. Bununla əlaqədar olaraq, o hesab edir ki, 1994-cü ildə qüvvədə olan cəza qanununa əsasən ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz edilməsi, 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası AR Konstitusiyasının VII hissəsinin 149-cu maddəsinin tələbinə ziddir.
"Amma bu məsələnin mənim müraciətimin mahiyyətinə dəxli yoxdur. Sizin xoş məramınıza, mərhəmətinizə və humanizminizə sığınıram. Mən və burada mənimlə birlikdə müharibə vaxtından bu günədək cəza çəkən Qarabağ müharibəsinin döyüşçüləri, çətin dövrlər keçiririk. Müharibə zamanı aldığımız yaralar, kontuziyalar və digər travmalar bütün bu faciəvi vəziyyətin yaranmasında az rol oynamayıb. Müharibə iştirakçılarından heç kəs zəruri reabilitasiya kursu keçməyib. Bizə belə şəraiti yaratmayıblar, ona görə də biz psixoloji və fiziki cəhətdən əziyyət çəkirik" - deyə məhbus yazıb.
Mirzəyev qeyd edir ki, bu məsələdə heç kimi günahlandırmaq istəmir, çünki Vətən uğrunda döyüşlərdə yaralanıb və buna görə peşmançılıq çəkmir. Lakin hökumət tərəfindən hansısa başa düşülməni, onların dərdinə yanmanı görmək istəyir: "Biz başa düşürük ki, qanun qarşısında günahkarıq və hərəkətlərimizə haqq qazandırmırıq. Biz həmçinin anlayırıq ki, Vətən uğrunda könüllü döyüşmək qanunu pozmaq və ya cəzasız qalmaq üçün əsas vermir. Hər kəs öz əməllərinə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir".
Prezidentin Qarabağ müharibəsinin veteranlarına, onların ailələrinə, həmçinin şəhid ailələrinə daimi qayğısını xüsusi qeyd edən Mirzəyev dövlət başçısından müəyyən məqamda etdiyi səhvə görə həbsxanada olan müharibə veteranlarına da diqqət göstərməsini xahiş edir.
Onun fikrincə, belə uzun müddətli cəza çəkmədən (20 il) sonra onların Vətən qarşısındakı xidmətlərini nəzərə almaq, onları əfv etmək və yaxud cəzalarını ömürlükdən müəyyən müddətlərə əvəz etmək olar, bu isə onların doğmaları, yaxınları üçün böyük sevinc olacaq.
"Möhtərəm cənab Prezident! Bu müddətsiz cəzanı çəkdikcə sağlamlıq durumumuz yalnız pisləşir. Bəziləri çətinlik və xəstəliklərə dözməyərək vəfat ediblər. Biz çox az qalmışıq. Ona görə Sizdən çox xahiş edirik, bizə diqqət ayırın və humanistlik göstərin" - ömürlük məhbus prezidentə yazır.
Qeyd edək ki, Natiq Mirzəyev 2000-ci ildə AR Ali Məhkəməsinin Hərbi kollegiyası tərəfindən bir sıra maddələr üzrə ömürlük həbs cəzasına məhkum edilib. Onu biznesmen Nazim Muradovu öldürməkdə ittiham ediblər. Cinayət işinin materiallarına əsasən, Mirzəyev qətli bir qrup şəxslə birgə həyata keçirib. Məqsəd Muradovun əmlakını ələ keçirmək olub və cinayətkarlar biznesmeni özünün VAZ-2106 markalı maşınında partladıblar.
Daha sonra onu Andrey Sidelnikovu öldürməkdə ittiham ediblər. Guya Mirzəyev bu qətli Muradovun öldürülməsini ört-basdır etmək üçün həyata keçirib. Bundan əlavə, onu könüllü olaraq xidmət etdiyi hərbi hissədən oğurluq etməkdə günahlandırıblar. İttihamlar sırasına qeyri-qanuni silah saxlamaq və 1995-ci ildə törədilmiş xulqanlıq da daxildir.
Mirzəyev irəli sürülmüş ittihamlar və məhkəmənin hökmü ilə razı deyil, ona qarşı açılmış cinayət işinin qurama olduğunu iddia edir. Mirzəyevin sözlərinə görə, onun cinayətlərdə iştirakına dair sübutlar fiziki və mənəvi işgəncələr yolu ilə əldə edilib.
Cinayət baş verən dövrdə ömürlük məhbusluq cəza növü kimi mövcud deyildi. 1998-ci il fevralın 10-da "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun qəbulu ilə ömürlük həbs cəza növü oldu.
Daha sonra 1999-cu il dekabrın 30-da Milli Məclis "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunu qəbul edib. Bu qanunla və digər qanunverici aktlarla 1998-ci il fevralın 10-da qəbul edilmiş qanunun müddəaları öz qüvvəsini itirib. Beləliklə, əsasında Mirzəyevə hökm çıxarılmış qanun 2000-ci il sentyabrın 1-dən qüvvəsini itirib. Artıq ölüm hökmü də yox idi.
Bununla bağlı Mirzəyev dəfələrlə məhkəmə instansiyalarına Cinayət Məcəlləsinin zaman ərzində işləkliyini nəzərə almaqla, ömürlük həbs barədə cəzanın müvafiq cəza ilə əvəz olunması barədə müraciət edib.