CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetənə yetib, yetməyənə yumruq-təpik atmaqla dövlət qurulmur

Abunə olmaq
"Unutmamağınız üçün xatırladım, müəllimə nə qədər çamur atsanız, qayıdıb öz övladlarınıza yapışacaq"

Rövşən Əsədov, Sputnik Azərbaycan

BAKI, 23 noyabr - Sputnik. Hərə bir söz dedi, hərə bir replika atdı, amma lazım olanları deyən olmadı ki, olmadı...

Əslində, elə bir situasiya yaranıb ki, özlüyündə düşünüb-daşınıb, daşı tərəziyə düz atsan da, kimsə sifariş icraçısı donunu tam sənin ölçülərinə görə biçəcək. Biçsin, düz sözə zaval olmaz.

Müəllim ailəsində böyümüşəm, vicdanlı, namuslu, kimsənin övladını öz övladından fərqləndirməyən, yeri gələndə, öz övladına etmədiklərini şagirdlərinə edən müəllimin ailəsində. Daha pulyığan müəllim yox...

Rza Rzayev - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı şok qalmaqalın şahidləri danışdılar: "Deyir ki, səni öldürüb, nəslini kəsəcəm"

Bir həftəyə yaxındır ki, 175 saylı məktəbin direktorunu döydülər, daha doğrusu, "Drakon" ləqəbli avtoritetin hücumuna məruz qaldı. Gündəmdə olduğu üçün çox fikirlər səsləndi, mən isə düşündüklərimin çoxluqda əriməsini istəmədim, o səbəbdən indi yazdım.

Əvvəla, Azərbaycan müəlliminin bu günündən söz açmaq istərdim. Yerə yağış düşər-düşməz, əllərini ovuşdura-ovuşdura gah cibinə, gah qoynuna qoyan, şagirdlərinin sevgisinə qızınan, amma pul kisəsi boş, ehtiyaclar içərisində boğulan, toya yazdırmaq üçün pulu kredit, ya da borc götürən müəllimlərdən. Hansısa direktorun sözü ilə şagirdləri, valideynləri “soğan kimi soyan”, fondpulu, süpürgəpulu adı ilə özünə maşın alan müəllimlərdən yox.

Elə “Drakon”un sözlərindən də, həmin müəllimi tanıyan şagirdlər və valideynlərin, həmçinin digər müəllim yoldaşlarının dediklərindən də Zeynəb müəllimin adının pul məsələlərində hallandığı sezilir. “Drakon” deyir ki, 20 ilə yaxındır bacısı Zeynəb müəllim o məktəbdə çalışır. Necə oldu ki, 20 ilə yaxın müddətdə adı pul məsələlərində hallandığı halda, “əjdaha” məktəbə, Tural müəllimdən öncəki direktora, ya da elə bacısına hücum çəkmədi?

Məni qınamayın, amma indiyə qədər hücum olunmamasını “alan razı, satan razı” situasiyası kimi qiymətləndirirəm. Yəqin ki, yığılan pullar təkcə direktora yox, müəllimin özünə də çatırmış. Hansı ki, valideynlərin ah-naləsi, əllərinin qabarı, gözlərinin nuru olan pullar... Yenicə direktor təyin olunmuş şəxsin səlahiyyətləri olduğu təqdirdə, belə bir müəllimin (işdən çıxartmaq yox) iş yerini dəyişmək şansı yoxdurmu? Var, amma görünən odur ki, bəzi hallarda fiziki güc, zor qanunları da əzirmiş bu ölkədə...

Bir neçə dəfə təhqir olunduğu, ölümlə təhdid etdiyi halda, direktorun bunu görüntüləyərək, özünü müdafiə etməyə haqqı yoxdurmu? Yoxsa, hər gün “drakonlar”, “akulalar” məktəbə hücum çəkməli idilər? Əlinə təsbeh alanlar kimisə döyüb, təhqir etməlidirlərmi?

Təsbeh demişkən, yayılan videodan da aydın görünür ki, “Drakon”umuz nə qanunu, nə polisi, nə Azərbaycan qadınını, nə də özünü saymır. Əlində təsbeh, qadınlar, polislər olduğu təqdirdə, saymazyana halda, "gedək, səni başa salacam" demək nə anlam verir? Yəqin ki, eynən onun etdiyi kimi, tökülüb-itən formada, saymazyana, əlimdə təsbeh onun yaxınlarının qarşısındaca kiməsə "gedək, səni başa salım" deməyim “Drakon”umuzun xoşuna gəlməzdi.

© © FemidaTural Mirzəliyev və Rza Rzayev
Yetənə yetib, yetməyənə yumruq-təpik atmaqla dövlət qurulmur - Sputnik Azərbaycan
Tural Mirzəliyev və Rza Rzayev

Etdikləri azmış kimi, canlı yayıma çıxan zaman əlində təsbeh olduğunu da danır bizim “qəhrəman”. Qanunları kənara qoysaq belə, yaxşı oğlan elədiyini danmaz. Əlində təsbeh var, de ki, “əlimdə təsbeh vardı, Turalı da vurmuşam, döymüşəm əcəb eləmişəm”. Daha canlı yayımda, “mən vurmamışam, yəqin, gözündəki eynək cızıb” demək nə məna verir? 

Adam deyir ki, “bu dövləti mən qurmuşam”. Hamı da susur... Sən kimsən axı, Azərbaycan kimi qüdrətli bir ölkəni qurmaq iqtidarına iddia edəsən? Bu ölkəni quranlar minlərlə şəhid bacı-qardaşlarımızdır, M.Ə.Rəsulzadə, H.Əliyev kimi kişilərdir. Sən hansı arada peyda oldun ki, dövlət qurasan? Hansısa filmdə əlinə silah alıb döyüşməyi Vətənə xidmət hesab etməklə, yetənə yetib, yetməyənə yumruq-təpik atmaqla dövlət qurulmur, ay qardaş... Vətənə xidmət səngərdən başlayır, filmdən yox! Bu Vətən üçün hansısa filmdə yox, həyatda döyüşənlər, qazilər, şəhid ailələri səssiz ikən, sən hansı cürətlə dövlət qurduğunu dilinə gətirə bilirsən? 

175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev - Sputnik Azərbaycan
HADİSƏ
Məhkəmə qarşısında döyülən direktordan xəbər var

Deyirsən ki, “3 universitet bitirmişəm, hüquqşünasam”. Üç universitet bitirən hüquqşünasın zehniyyəti budurmu? Gah nala, gah mıxa vurmaqla, direktoru FETÖ-çu çıxardaraq, ona böhtan atmaqla, PKK-çı (arada karıxıb PPK-da deyirdi) adlandırmaqla özünü gülünc vəziyyətə salmaq istəyirdin? Onu buna, bunu ona qatmaq, özünü haqlı çıxarmaq istəyərkən də zibil qutusuna düşmək lazım idimi sənə, ay qardaş?!

Direktor bacına haqsızlıq etmişdisə, gedib şikayət ərizəsi yazardın, Təhsil Nazirliyinə, Prokurorluğa, Məhkəməyə müraciət edərdin, şikayətinə baxılardı. Yox, əgər bunları etmisənsə, o zaman nəticəsini, problemin həllini gözlə, niyə kiməsə əl qaldırırsan?

Hər kinoda əlinə silah alaraq "Drakon" roluna çəkilən aktyorlar bu eşqə düşsə, yaman günlər bizi gözləyir.

Bütün bunlar azmış kimi, “Drakon”a növbə-növ haqq qazandıranları demirəm. Hələ bir yoldaş yazır ki, guya hansısa sayt “Drakon”un məmurlarla şəklini paylaşıb şantaj edirmiş, axtardım, ancaq rast gəlmədim. Gah yazırlar ki, direktor guya min manatdan jurnalistlərə pul paylayırmış, soraqladım, izini belə, tapa bilmədim. Görün, siz hansı zehniyyətdəsiniz ki, müəllimi, Azərbaycanın gələcəyinə, övladlarınıza qələm tutmağı öyrədənlərə necə ləkə yaxırsınız, gah FETÖ-çu adlandırırsınız, gah PKK-çı...

O zaman belə çıxır ki, siz hökuməti FETÖ-çunu, PKK-ya xidmət edən şəxsi məktəb direktoru kürsüsündə saxladığına görə ağır ittiham edirsiniz. Bəyəm, bu dövlət və onun Xüsusi Xidmət Orqanları, Dövlət Təhlükəsizlik Xidməti bunu görmürlər, yoxsa siz onlardan daha üstün və çevik olduğunuzu sanırsınız? Əgər belə bir şey yoxdursa, o zaman günahı nə direktorda, nə də hökumətdə axtarmayın, güzgünün qarşısına keçin zəhmət olmasa...

Unutmamağınız üçün xatırladım, müəllimə nə qədər çamur atsanız, qayıdıb öz övladlarınıza yapışacaq. Yəqin ki, nə demək istədiyimi anladınız!

Xəbər lenti
0