BAKI, 17 noyabr — Sputnik. Futbol üzrə Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, Farer adaları komandasını qəbul edən millimiz 2:0 hesabı ilə qalib gəlib.
Matçda ilk qolu millimizin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, 18-ci dəqiqədə künc zərbəsindən qaldırılan topu birbaşa qapıya yönəldib və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub.
Matçın 28-ci dəqiqəsində Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.
İkinci hissədə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə başa çatıb.
Paralel oyunda Kosovo yığması səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəlib.
Bu oyundan sonra Azərbaycan yığması 9 xalla qrupda ikinci yerdədir. Birinci yeri isə 11 xal toplayan Kosovo tutur.
Qrupun son oyunu noyabrın 20-də keçiriləcək. Azərbaycan səfərdə Kosovonun qonağı olacaq. Millimiz ilk yeri tutmaq üçün mütləq qələbə qazanmalıdır. Kosovonu isə heç-heçə də qane edir.