Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 14 noyabr — Sputnik. "Azərbaycanda növbəti ildən ciddi vergi islahatları gözlənilir. Sadələşdirilmiş vergi ödəyiciləri üçün illik dövriyyənin 200 min manatdan daha çox - 500 min manatadək olması ehtimalı var. Eyni zamanda, sadələşdirilmiş vergi dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi məsələsi gözlənilir".
Bunu iqtisadçı-ekspert Radil Fətullayev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, ticarət müəssisələrinin, lisenziyalı müəssisələrin sadələşdirilmiş vergi ödəyicisi olmama ehtimalı var: "İşçi sayı müvafiq saydan yuxarı olanlar ancaq mənfəət vergisi ödəyicisi ola biləcəklər. Bəzi yerlərdə işçi sayı 10, bəzi yerlərdə isə 5 nəfərdən çox göstərilir. Bunun sərhədi hələ ki, bəlli deyil. Amma kiçik sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ var".
Ekspert bildirib ki, qeyri-dövlət və qeyri-neft sektoruna aid olan özəl sahədə çalışanların əmək haqqından 14% gəlir vergisi tutulmayacaq: "Çünki yeni dəyişikliyə görə, 7 il müddətinə 8000 manata qədər əmək haqqı alan şəxslər gəlir vergisindən azaddırlar. 8000 manatdan yuxarı əmək haqqı alan şəxslərin isə gəlir vergisi 14% miqdarında olacaq. Həm ƏDV, həm də sadələşdirilmiş vergi ödəyicilərində əmək haqqından gəlir vergisi bu qaydada olacaq".
"Bu tətbiq sırf qeyri-neft sektoruna aiddir. Dövlət işində, neft-qaz sahəsində çalışanlar isə əmək haqqından 14% gəlir vergisi ödəyəcək. Məsələn, SOCAR-da, nazirlikdə işləyən vətəndaş 14% gəlir vergisi ödəyəcək" - deyə Fətullayev vurğulayıb.
Onun fikrincə, gəlir vergisinin ləğv edilməsi vergi ödəyiciləri üçün yaxşı hal hesab olunur: "Amma qeyd etmək lazımdır ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəmələrdə artım var. Yeni islahatlar nəticəsində sosial sığorta ödənişləri işçi ilə müəssisə arasında bölüşdürüləcək. Belə ki, 2019-cu ildən başlayaraq müəssisələr tərəfindən işçilərin əmək haqqı fondunun 22%-i məbləğində ödənilən məcburi sosial sığorta haqqının dərəcəsi 15%-ə endiriləcək. Bunun əvəzində isə işçilərin əmək haqından 3% məbləğində tutulan sosial ayırmanın faizi 10%-ə qaldırılacaq. Lakin bu artım diferensial qaydada olmaqla əmək haqqı 200 manata qədər olan şəxslərdən 3%, 200 manatdan çox alan şəxslərdən isə əlavə məbləğin 10%-i miqdarında müəyyənləşdiriləcək. Belə ki, 300 manat əmək haqqı alan şəxsdən 16 manat vergi tutulacaq".
"Həmçinin, müəssisə hesabına ödənilən 15% DSMF məbləğinin hesablanması da diferensial şəkildə həyata keçiriləcək. Belə ki, 300 manat əmək haqqı fonduna görə müəssisə 59 manat məcburi sosial sığorta haqqı ödəməli olacaq" - deyə ekspert bildirib.
Müsahibimizin sözlərinə görə, bir növ, gəlir vergisini DSMF-yə ödəmə əvəz edir: "Bunun işçiyə xeyri odur ki, gəlir vergisi büdcəyə ödənilirdi və işçiyə bir xeyri yox idi, amma DSMF-yə ödənilən məbləğin isə gələcəkdə geri qayıtma ehtimalı var. Ümumilikdə götürdükdə, 2018-ci ilə nisbətən 2019-cu ildə işçinin əmək haqqından tutulmaların məbləği cüzi də olsa, az olacaq. Lakin burada işçilərin xeyrinə olan bir yerdəyişmə - pensiya fonduna ödəmənin məbləğində artma baş verəcək. Bu da sonda pensiya hesablaması zamanı nəzərə alına bilər".
R.Fətullayev qeyd edib ki, aparılan islahatlara 2 istiqamətdən baxmaq olar: "Birincisi, müəssisələrin sosial xərclərinin azaldılması, ikincisi isə işçilərin əmək haqqından tutulmaların təkmilləşdirilməsi. Yeni islahatların əsas məqsədi qeyri-neft sektorunun və bu sektorda xüsusi yeri olan kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi, o cümlədən kölgə iqtisadiyyatının payının azaldılması, nağdsız hesablaşmaların həcminin artırılması və işçi ilə müəssisələr arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin şəffaflaşdırılması və ümumilikdə götürdükdə uçot və hesabat sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır".
Qeyd edək ki, vergilər naziri Mikayıl Cabbarov noyabrın 5-də deyib ki, Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsini proqnozlaşdırır. Nazir bildirib ki, qarşıda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir: "Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib".