BAKI, 13 noyabr — Sputnik. Ötən gün ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Ərdoğan Fransa səfərindən dönərkən, təyyarədə jurnalistlərə açıqlama verib.
O, Ağ Ev rəhbəri ilə bir sıra məsələləri müzakirə etdiklərini qeyd edib. İki ölkə başçısı öldürülən jurnalist Camal Qaşıqçı, Suriyadakı son durum haqda danışıb. Həmçinin, prezidentlərin "Xalq Bank"la bağlı ötən il yaranan problemləri də müzakirə etdikləri bəlli olub.
"Suriya mövzusu ilə bağlı xüsusi müzakirə apardıq. Mən bildirdim ki, İdlib məsələsi bizim üçün çox önəmlidir. Buradakı uğurumuzla qürurlanırıq" – deyə Ərdoğan əlavə edib.
Türkiyə prezidenti, həmçinin PKK əsgərlərinin başına görə mükafat verilməsi məsələsinə də münasibət bildirib: "Biz bunu PKK ilə PYD-nin ayrı-ayrı strukturlar olduğunu sübut etmək üçün ortaya atılmış bir oyun kimi qəbul edirik".
"Xalq Bank"la bağlı məsələyə gəlincə Ərdoğan deyib: "Görüşümüz zamanı Donald Tramp bununla bağlı təlimat verəcəyəni bildirdi. Bu işin başa çatdığını zənn edirəm".
Xatırladaq ki, ötən il ABŞ-da Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, "Xalq Bank"ın direktoru Süleyman Aslan və direktor müavini Levent Balkan barəsində həbs qərarı çıxarılıb və S.Aslan Birləşmiş Ştatlara səfəri zamanı saxlanılıb. Hazırda onun barəsində məhkəmə araşdırması aparılır. ABŞ tərəfi sözügedən bankın adının bir sıra pul "yuyulması" əməliyyatlarında keçdiyini bəyan edir.