BAKI, 10 noyabr — Sputnik. "Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli sammit keçirə bilər".
Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı bəyan edib.
Onun sözlərinə görə, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana gözlənilən səfəri zamanı keçirilə bilər.
Türkiyə XİN başçısı həmçinin İpək Yolunun canlandırılması məsələsində üç ölkənin rolunu qeyd edib: "Tarixi İpək Yolunun bərpası məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük öhdəliklər düşür. Bununla əlaqədar, bu üç ölkə ən əsas oyunçulardır".
O deyib ki, dəmir yolu və avtomobil yolu bağlantılarını qurmaq lazımdır: "Digər tərəfdən, enerji təhlükəsizliyinə nail olmaq üçün Türkmənistan qazının TANAP layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması imkanları qiymətləndirilməli, Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması məsələsinə baxılmalıdır".