BAKI, 8 noyabr — Sputnik. Amerikalı boksçu Floyd Meyvezer bəyan edib ki, Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov daha çox pul qazanmaq istəyirsə onda onunla döyüşməlidir. Bu barədə Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir.
"Əgər Həbib boks döyüşü istəyirsə, biz onu təşkil edə bilərik. Əgər UFC-də qalıb elə əvvəlki pulları qazanmaq istəyirsə, onda elə orda da davam edə bilər. Konor Makqreqorla döyüş üçün Həbib 3-4 milyon dollar qazanıb. O, mənimlə döyüşəndə daha çox qazanacaq" — deyə Meyvezer bildirib.
Amerikalı boksçu xatırladıb ki, Makqreqor heç vaxt dünyanın ən çox qazanan idmançıları siyahısında olmayıb, lakin 2017-ci ilin avqustunda onlar arasında baş tutan görüşdən sonra o bu reytinqdə sürətlə irəliləyib.
Xatırladaq ki, oktyabrın 6-da Las-Veqas şəhərində irland Konor Makqreqorla dağıstanlı Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.
Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.
Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.