BAKI, 7 noyabr — Sputnik. Cari ilin oktyabr ayında "ASAN xidmət" vasitəsi ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə (ASC) 26 minə yaxın müraciət edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Azərişıq" ASC-nin "ASAN xidmət" vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər üzrə əvvəlki aylarla müqayisədə oktyabr ayında edilən müraciətlərin sayında artım müşahidə olunub: "Belə ki, oktyabr ayında "Azərişıq" ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 375 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4159 vətəndaş müraciət edib".
"İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 291 sahibkar "ASAN xidmət" mərkəzlərinə üz tutub. Nəticədə oktyabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə "Azərişıq" ASC-yə "ASAN xidmət" mərkəzləri vasitəsi ilə 26 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib" - deyə ASC-dən məlumat verilib.