Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 6 noyabr — Sputnik. Artıq qış mövsümünün başlamasına sayılı günlər qalıb. Maraqlıdır, ötən ildən yığılmış problemlərin aradan qaldırılması, abunəçilərin rahatlığının təminatı üçün aidiyyatı qurumlar tərəfindən hansı addımlar atılıb?
Sputnik Azərbaycan bu sualın cavabını tapmaq məqsədilə kommunal qurumlara sorğu göndərib.
"Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat katibi İbrahim Kərbalayev qurum tərəfindən istehlakçıların dayanıqlı və təhlükəsiz təbii qazla təminatı məqsədilə bir sıra işlərin görüldüyünü qeyd edib: "2018-2019-cu ilin payız-qış mövsümü ilə əlaqədar olaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tədbirlər planı işlənib, hazırlanıb, may-oktyabr aylarında müəyyən işlər görülüb".
İ.Kərbalayev bildirib ki, bu tədbirlər planına müvafiq olaraq, yeni qaz xətləri çəkilib, təmir olunmuş qaz xətləri dayaqlar üzərinə qaldırılıb, korroziyaya uğramış hissələr yenilənib: "Bundan başqa, qaz xətləri üzərində qaztənzimləyici siyirtmələr, şkaflar yenisi ilə əvəzlənib. 531 tənzimləyici və 359 siyirtmə yenisi ilə əvəzlənib".
"Həmçinin çoxmərtəbəli binaların da təbii qazla təminatı prosesi davam edir. Cari ilin 9 ayında 381 çoxmərtəbəli bina təbii qazla təmin olunub. Ümumilikdə isə, bu, 19 min 662 mənzilin mavi yanacaqla təminatı deməkdir" - müsahibimiz bildirib.
"Azəriqaz" sözçüsü bu işlərin regionlarda da davam etdiyini vurğulayıb: "Uzun müddət təbii qazla təmin olunmayan yaşayış məntəqələrinə mavi yanacağın verilməsi istiqamətində də işlər görülür. Cari ilin 9 ayında 24 rayon üzrə 71 yaşayış məntəqəsi təbii qazla təmin edilib".
İB rəsmisi ötən ilin payız-qış mövsümündə mavi yanacağın verilişində yaranmış fasilələrin cari ildə davam edə biləcəyinə də aydınlıq gətirib: "Mavi yanacağın verilişində yaranan fasilələr təkcə payız-qış mövsümü ilə əlaqədar deyil. Respublika ərazisində quruculuq, abadlıq işləri geniş vüsət alıb, yeni yollar çəkilir, yeraltı keçidlər salınır, xiyabanlar təmir olunur. Bu quruculuq işləri aparıldığı zaman tikinti sahəsinə düşən qaz xətlərinin yerinin dəyişilməsi zərurəti yaranır. Həmin qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi üçün mavi yanacağın verilişində müəyyən fasilələr yaranır. Gündəlik olaraq qaz təsərrüfatında işlər aparılır, tələbat artdıqca istehlakçılar buna uyğun təbii qazla təmin olunurlar".
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev isə, bu ilin payız-qış mövsümünün digər illərdən fərqlənəcəyini qeyd edib: "2018-2019-cu ilin payız-qış mövsümü öncəki illərdən fərqli olacaq. Təkcə bu il qurumumuz tərəfindən regionlarda 10 ədəd 110 kilovatlıq yarımstansiya inşa edib. 100 minlərlə elektrik verilişi xətləri yenilənib. 162 kənddə 0,4 kilovatlıq şəbəkələr, tamamilə, yenidən qurulub. Köhnəlmiş dayaqlar yenisi ilə əvəzlənib. Qəza törədilən, problem yaranan ərazilər varsa, onlar təftiş olunur, ağaclar budanır, təbiət hadisələrindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görülür".
T.Mustafayev bildirib ki, dağlıq və dağətəyi rayonlar üçün xüsusi texnikalar ayrılıb: "199 saylı qəza xidmətimiz də aktivdir. Qəzaların zamanında aradan qaldırılması üçün xüsusi hazırlıq işləri görümüşük, qruplar ayırmışıq".
Sorğumuzu "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Rafiq Əliyev də cavablandırıb. Bildirib ki, istilik verilməsinə respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur: "Mövsüm ərzində 550 qazanxananın istismar edilməsi planlaşdırılır. Bununla da 3800 yaşayış binası, 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin ediləcək".
ASC təmsilçisinin sözlərinə görə, işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub: "Həmçinin, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib. Problem yarada biləcək istilik xətləri də yenisi ilə əvəzlənib".
"Nəzarət ölçü cihazları və elektrik avadanlıqları dəyişdirilib və saz vəziyyətə gətirilib. Magistral və məhəllədaxili istilik xətləri sınaqdan keçirilib, qış mövsümündə problem yarada biləcək istilik xətləri yenisi ilə əvəz olunub. Həmçinin qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib" – R.Əliyev deyib.