BAKI, 6 noyabr - Sputnik. "Azərbaycanda ən ağır xəstəliklər üzrə 16 dövlət proqramı həyata keçirilir. 3 bölgədə icbari tibbi sığorta layihəsi həyata keçirilir və gözəl nəticəsini verir. Yaxın gələcəkdə ölkəmizdə icbari tibbi sığorta tam tətbiq ediləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, onkoloji xəstələrin müalicəsi üçün tələb edilən şiş əleyhinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır.
"Şiş əleyhinə dərmanların alınması ilə bağlı hər il vəsait ayrılır. Lakin bu dərmanların baha olmasını və yenilərinin ortaya çıxmasını nəzərə alsaq, bunun artırılmasına ehtiyac var. Ayrılan vəsait kifayət etmir" - Əmiraslanov vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcmi 0.2 faiz təşkil edir: "Təəssüf ki, biz bu rəqəmdən yuxarı qalxa bilmirik. Elmi tədiqatların aparılması üçün vəsait lazımdır. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların əmək haqqı aşağıdır və bunu artırılması lazımdır".
"Biz 5-6 ildir müzakirə edirik ki, ölkəmizdə kök hüceyrə mərkəzi yaradaq. Bu mərkəzin yaradılmasını 100 minlərlə xəstə gözləyir. Müqayisə üçün deyim ki, İstanbul şəhərində belə mərkəzlərin sayı onlarladır" - deyə millət vəkili diqqətə çatdırıb.