ELM

Dövlət İmtahan Mərkəzi qalmaqallı iddiaları təkzib edir: Tamamilə əsassızdır

© Sputnik / Murad OrujovЭкзамены в одном из бакинских вузов, фото из архива
Экзамены в одном из бакинских вузов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DİM: "İstənilən elm sahəsində təlim prosesinin yuxarı səviyyələrinə uyğun gələn bilik və bacarıqların əldə edilməsi, ilk növbədə, ilkin baza bilikləri tələb edir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Bir neçə gün öncə təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 28-də keçirdiyi yeni qəbul imtahanı modelində sınaq imtahanında çatışmazlıqların olduğunu qeyd etmişdi. O bildirmişdi ki, sınaq imtahanında istifadə edilən test tapşırıqlarının tip və modelləri ilə bağlı çatışmazlıqlar var.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
ELM
Sınaq imtahanları barədə ilginc ittihamlar ortaya çıxdı

Ekspertin iddiaları ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna DİM-dən cavab verilib. Bildirilib ki, 28 oktyabr 2018-ci il tarixində keçirilən sınaq imtahanında tarix fənnindən şagirdlərə konkret tarixi mənbə əsasında təqdim olunan 3 tapşırığın hər biri ümumtəhsil məktəblərində tədris olunan Azərbaycan tarixi fənni üzrə təhsil proqramında yer alan konkret alt standartların reallaşma səviyyəsinin yoxlanılmasına xidmət edir. Buna görə də bu tapşırıqların həmin standartlara uyğun gəlməməsi ilə bağlı iddialar əsassızdır.

"Məlumdur ki, istənilən elm sahəsində təlim prosesinin yuxarı səviyyələrinə uyğun gələn bilik və bacarıqların əldə edilməsi, ilk növbədə, ilkin baza bilikləri tələb edir. Bu zaman istinad edilən mənbə dərsliklər və burada yer alan (tarixi mənbələr də daxil olmaqla) tədris materiallarıdır. Bu biliklərə malik olmadan təhlil, ümumiləşdirmə, mühakimə yürütmə və s. kimi bacarıqların nümayiş etdirilməsi mümkün deyil. Buna görə də mənbəyə aid tapşırıqlarda şagirdlərin mövzuya dair baza biliklərini yoxlayan bir faktoliji (sadə) tapşırığın olması, tamamilə, normal haldır" - deyə Mərkəzdən cavab verilib.

"Əlbəttə, imtahanlarda iştirak edən bütün şagirdlərin hazırlıq səviyyəsi eyni deyil. Buna görə də bu fərqliliklərin imtahan nəticələrində də əks olunması üçün qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının, eləcə də mənbə əsasında təqdim olunan tapşırıqların eyni çətinlik dərəcəsində deyil, sadə, orta və çətin olmaqla müxtəlif mürəkkəblik səviyyəsində təqdim olunması pedaqoji ölçmə nəzəriyyəsinə tam uyğundur" – deyə məlumatda qeyd edilib.

DİM-in məlumatına görə, situasiya, mətn və mənbə əsaslı tapşırıqların hazırlanmasında ən mühüm mərhələlərdən biri də qiymətləndirmə meyarlarının hazırlanmasıdır: "Yazılı cavab verilməsi tələb edilən tapşırıqlar imtahanda istifadə olunmazdan əvvəl mütləq onun qiymətləndirmə meyarları hazırlanır. Qiymətləndirmə meyarlarının bütün imtahan iştirakçıları üçün obyektiv xarakter daşıması üçün tapşırıqların ehtimal olunan cavabları tədris prosesində əldə edilən deklorativ və konseptual biliklərə əsaslanmalı, şagirdlərin gəldikləri nəticələr də bu konteksdə qiymətləndirilməlidir".

Mərkəzdə hesab edirlər ki, əks halda imtahanlardan əvvəl qiymətləndirmə meyarları hazırlamaq, seçmə və yerləşdirmə xarakteri daşıyan bu imtahalarda bütün imtahan iştirakçılarını vahid şkalada qiymətləndirmək və onları müqayisə edə bilmə imkanını əldə etmək mümkün olmaz.

"DİM abituriyentlərin yeni qəbul modeli əsasında qəbul imtahanlarına səmərəli şəkildə hazırlaşması üçün müxtəlif vəsaitlər (sinif kitabları, qiymətləndirmə vasitələri) dərc edib. Qəbul modelinin yeni olduğu nəzərə alınaraq sınaq imtahanlarının da ilk dəfə olaraq oktyabr ayından keçirilməsinə başlanılıb. Şübhəsiz ki, bu imtahanların statistik nəticələri təhlil olunacaq və buna uyğun istər qapalı, istər açıq, istərsə də situasiya tipli tapşırıqların məzmununa bir daha baxılacaq. Bundan başqa, yaxın günlərdə dərc olunacaq "Abituriyent" jurnalının növbəti sayında qəbul və yekun qiymətləndirmə imtahanlarında yer alan bütün fənlər üzrə proqramlar və bu imtahanların modelinə uyğun test tapşırıqlarına yer veriləcək" - deyə DİM-dən bildirilib.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlk sınaq imtahanlarının nəticəsi açıqlandı

O da qeyd olunub ki, hazırda DİM-də imtahan proqramına daxil olan bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir: "Bu seminarlarda iştirak sərbəstdir və burada gedən müzakirələrdə pedaqoji ictimaiyyəti təmsil edən hər bir şəxs iştirak edərək, öz rəy və təkliflərini bildirə bilər. Seminarların keçirilmə qrafiki haqda ətraflı məlumat internet saytımızda yerləşdirilib. Heç kimə sirr deyil ki, qəbul imtahanları bütün cəmiyyəti yaxından maraqlandıran son dərəcə taleyüklü bir proses olduğundan bununla bağlı məlumatlar hər zaman böyük maraqla izlənilir. Bu prosesdə KİV-i, abituriyentləri, müəllimləri, valideynləri və ümumilikdə, bütün vətəndaşları qəbul imtahanları ilə bağlı maraqlandıran bütün məsələlərlə bağlı DİM-in informasiya resurslarından istifadə etməyə dəvət edir, sosial şəbəklərdə ayrı-ayrı şəxslər tərəfindən yayılan məlumatlara etibar etməməyə çağırırıq".

DİM-in məlumatında, həmçinin vurğulanıb ki, 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanı yeni təhsil proqramı və qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək: "Qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə qapalı və açıq tipli tapşırıqlardan istifadə ediləcək. Açıq tipli tapşırıqların bir qismi 2011-ci ildən hazıradək istifadə edilən hesablama, seçim və uyğunluğu müəyyən etmək, digər qismi isə cavabın yazı ilə verilməsi tələb olunan tapşırıqlar olacaq".

"Qəbul imtahanında abituriyentlərə riyaziyyat, fizika, kimya, coğrafiya və biologiya fənlərindən situasiya əsasında 3 tapşırıq, Azərbaycan dili, rus dili, ədəbiyyat və rus ədəbiyyatı fənlərindən mətn əsasında 3 tapşırıq, tarix fənnindən isə müəyyən bir mənbə əsasında 3 tapşırıq təqdim olunacaq. Yeni qəbul imtahanının məzmunu fənlər üzrə kurikulumların mahiyyətinə uyğunlaşdırılıb. İmtahanda fənlər üzrə bilik və bacarıqlar yoxlanılacaq və qiymətləndiriləcək" - deyə Mərkəzdən vurğulanıb.

Qeyd olunub ki, 2019-cu ilin qəbul imtahanlarının məzmununun formalaşdırılmasına 2012-ci ildən başlanılıb: "İndiyə qədər V-XI siniflər üzrə ayrı-ayrı fənlərdən qiymətləndirmə kitabçaları hazırlanıb. Cavablandırılması yazı tələb edən tapşırıqlara –situasiya, mətn və mənbələrə aid çoxlu sayda nümunələr verilib. Belə tapşırıqların yoxlanılması üçün meyarlar təqdim edilib. Abituriyentlərin bu prosesə daha səmərəli şəkildə hazırlaşması üçün DİM yeni qəbul imtahanları modeli əsasında sınaq imtahanları keçirir. Yeni qəbul modelinə uyğun ilk sınaq imtahanı 6 may 2018-ci il tarixində keçirilib və yeni imtahan modeli ictimaiyyətə təqdim edilib".

Xəbər lenti
0