BAKI, 30 oktyabr — Sputnik. Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) 28 oktyabrda keçirdiyi yeni qəbul imtahanı modelində sınaq imtahanında çatışmazlıqların olduğunu qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, ekspert bu barədə özünün "Facebook" səhifəsində yazıb.
Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) 28 oktyabrda yeni qəbul imtahanı modelində keçirdiyi sınaq imtahanında çatışmazlıqların olduğunu qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, ekspert bu barədə özünün "Facebook" səhifəsində yazıb.
Ekspert bildirib ki, sınaq imtahanında istifadə edilən test tapşırıqlarının tip və modelləri ilə bağlı çatışmazlıqlar var: "Belə ki, 2019-cu ildə tətbiq ediləcək yeni test modellərindən biri də (IX siniflər üçün buraxılış imtahanında 2 ildir istifadə olunur) situasiya tipli test tapşırığıdır. 28 oktyabrdakı sınaq imtahanında 6600 nəfər iştirak edib və DİM 132000 manat əldə edib".
"Sözüm qazanılan vəsaitə deyil, tarix fənnindən təqdim edilmiş 58-59 və 60 saylı test tapşırığınadır. Guya, bu, situasiya tipli test tapşırığıdır. Amma təqdim edilmiş test tapşırığından məlum olur ki, bu sualı tərtib edənin, onu təsdiq edib sınaq imtahanına daxil edənin nə dövlət standartlarından xəbəri var, nə də situasiya tipli test tapşırığı modelindən anlayışı var" - Əsədov yazıb.
"Hörmətli test tərtibçisi! Situasiya tipli test tapşırığı əzbərçiliyi, faktları özündə əks etdirən test tapşırığı nümunəsi deyil. DİM özü bəyan edib ki, "biz yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik". Bu tipli test tapşırığının əsas ideyasını mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən etmə, mətnin kontekstinə uyğun verilmiş situasiyanı izah etmə ilə müxtəlif həyati situasiyalara şəxsi fikrini və münasibətini bildirməyi tələb edir. Təhsil alanların bilik və bacarıqlarını yoxlamaq üçün təqdim edilən bu test tapşırığı yeni qaydalarla qiymətləndirilmədirsə, inanın ki, bu, belə deyil" - o əlavə edib.
Ekspertin sözlərinə görə, 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyırsa, bu test tapşırığında hədəflənmiş məqsədə çatmaq mümkün deyil: "Belə çıxır ki, yenə şagirdlər ancaq fakt əzbərləməlidirlər. Təqdim olunmuş test tapşırığı situasiya suallarının tələblərinə cavab vermir".
K.Əsədov vurğulayıb ki, hansısa kitabdan bir mətni götürüb, onun hansısa hissəsini çıxarıb, bunu situasiya test tapşırığı kimi təqdim etmək olmaz: "Belə çıxır ki, şagird 6-11-ci sinifdə (təkcə tarix fənni 12 kitabdır) bütün əlavə mətnləri əzbərləməlidir ki, ordan DİM-in test tərtibçisi hansısa mətni götürəcək, rəqəm və sözləri çıxaracaq, mən həmin fikirləri sözbəsöz yazacam? Bu, situasiya testidir?"
"Hörmətli test tərtibçisi, sən test tapşırığını tərtib edəndə qarşısında kitab olur və ordan hansısa mətni götürüb, guya situasiya tipli test tərtib edirsən. Amma onu şagird cavablayanda qarşısında kitab olmur ki, baxım, görüm bu mətndə hansı söz, rəqəm buraxılıb. Özü də, bu fikirlər populyar olmayan, işlənilməyən mətnlərdən salınır. Situasiya tipli test tapşırığı o test tapşırığıdır ki, onu cavablayan şəxs vəziyyətdən öz çıxış yollarını, tarixi dövrü və şəraiti nəzərə alaraq təqdim edir, irəli sürür, nəticələr çıxarır, tarixi dövrlər arasında müqayisə aparır. Və imtahan iştirakçısının cavabı şəxsi fikri olur" - təhsil eksperti vurğulayıb.
"Yoxsa kitabdakı mətni əzbərləyib olduğu kimi yazmaq situasiya deyil. Bəs siz ancaq kağız üzərində təfəkkür məktəbinə keçirsiz? Reallıqda isə hələ fakt əzbərləmək mərhələsində qalmışıq? Kimin yaddaşı güclüdür, yenə də o, yüksək bal toplayacaq? Mən o test tərtibçisinə özünün yazdığı kimi 30 test tapşırığı təqdim edəcəm, heç 5-nə düzgün cavab yaza bilməz. Ayıbdır, vallah, ayıbdır" - deyə Əsədov əlavə edib.