Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Zabit Səmədova bənzəmək istəyən dərs əlaçısı

© Sputnik / Musa MuradliƏli Mayılzadə
Əli Mayılzadə - Sputnik Azərbaycan
Abunə olmaq
O, özünə Zabit Səmədovu ideal bilir

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Əli Bərdə şəhər 3 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Dərslərinə həmişə yüksək səviyyədə hazırlaşır. Əlinin əlaçı olmağıyla yanaşı fiziki hazırlığı da güclüdür. İdmanın kikboks növü ilə məşğul olur. İdmana başladığı qısa müddətdə əldə etdiyi uğurlar da az deyil. Medallar, fəxri fərmanlar masasının üstündə göz oxşayır.

© Sputnik / Ilham AhmadovƏli Mayılzadə
Əli Mayılzadə - Sputnik Azərbaycan
Əli Mayılzadə

Bir çox yarışların qalibi olmuş Əli Mayılzadə Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində idmana başlamasından danışıb: "2017-ci ilin iyunun 28-dən kikboks idman növü ilə məşğul oluram. Ən çox sevdiyim idmançı Zabit Səmədovdur. Onun kimi olmaq istəyirəm. Arzum dünya, Avropa çempionatında birinci yerə çıxmaqdır. Bayrağımızı yüksəkliklərə qaldırmaqdır".

Əli qalib olduğu yarışlardakı qələbələrini də sadalayıb: "Birinci yarışımda Mingəçevirdə iki nəfərlə döyüşdüm. İkisinə də qalib gəldim. İkinci dəfə Naftalanda qələbə qazandım. Nailiyyətlərimə görə medal və fəxri fərmanlarla mükafatlandırıldım. 15 dəfə birinci yerə görə qızıl medala, iki dəfə gümüş medala layiq görülmüşəm".

Əli Mayılzadə onu yarışlara hazırlayan müəllimini də yaddan çıxarmır. Bildirir ki, qalibiyyətində məşqçiləri Tural Bayramov və Rəvan Şahbazovun böyük əməyi var: "Məşqçilərimə hər zaman təşəkkür edirəm. Amma onu da qeyd edim ki, idmanı çox sevirdim. Ancaq peşəkarcasına məşğul olmağı ilk dəfə atam təklif etdi. Təklifi də ürəyimcə oldu. Məni apardı dostunun yanına ki, hazırlaşdırsın. Beləliklə idmana başladım."

Gələcək vəzifələrindən danışan balaca idmançı idmanı əzmlə davam etdirəcəyini deyib. Bildirib ki, qarşıya qoyduğu məqsəd isə respublika və dünya çempionatlarında iştirak etmək, bayrağımızı uca tutmaqdır.

© Sputnik / Musa MuradliKikboksinqlə bir ildən biraz artıq müddətdir məşğul olmasına baxmayaraq, Əlinin xeyli sayda uğurları var
Kikboksinqlə bir ildən biraz artıq müddətdir məşğul olmasına baxmayaraq, Əlinin xeyli sayda uğurları var - Sputnik Azərbaycan
Kikboksinqlə bir ildən biraz artıq müddətdir məşğul olmasına baxmayaraq, Əlinin xeyli sayda uğurları var

Əlinin babası Mamed Mayılov da idmançıdır. Gənc nəslini fiziki hazırlığının möhkəmləndirilməsində müəllim kimi daim çalışıb. Bu gün də bu şərəfli vəzifəni Bərdə şəhər 3 saylı tam orta məktəbdə idman dərsini tədris etməklə davam etdirir.

Mamed müəllim idmançı nəvəsinə böyük ümidlər bəsləyir: "Lap körpəliyindən hiss elədim ki, Əli idmana çox böyük maraq göstərir. Daim evdə idman avadanlıqları ilə maraqlanır, soruşurdu. İkinci sinifdən məşqlərə getmək istəyirdi. Ancaq mən razı olmurdum. Çünki o yaşda uşaqlar zədələnə bilərlər. Üçüncü sinifdə artıq qarşısında dayana bilmədik. Qərara gəldik ki, idmana başlasın. Kikboks məşqlərinə apardıq. Qısa zamanda idmana olan marağı özünü doğrultdu. Nailiyyətləri də göz qabağındadır".

© Sputnik / Musa MuradliDiplom və medallar
Diplom və medallar - Sputnik Azərbaycan
Diplom və medallar

Babası deyir ki, Əli, sanki idman üçün yaranıb: "Mənim yolumu davam etdirir. Altı nəvəmdən beşi oğlan, biri qızdı. Qızın 3 yaşı var. O da idmana həddindən çox meyl göstərir. Əlinin evdəki məşqlərinə baxıb idman hərəkətləri edir".

"Əli çox mübarizdir. Heç vaxt istədiyindən dönmür. Məqsədinə çatmaq üçün həmişə çalışır. Nəyisə etmək olmaz deyəndə, öz fikrində qalır. "Bunu eləməliyəm, gələcəkdə lazım olacaq"-deyir həmişə. Ona görə də Əlinin gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, döyüşlərinə davam edəcək" – deyə baba bildirir.

© Sputnik / Musa MuradliƏli babası Mamed müəllimlə
Əli babası Mamed müəllimlə - Sputnik Azərbaycan
Əli babası Mamed müəllimlə

Babası vurğulayır ki, Əli yarışlara gedəndə gecələr yatmır: "Yarışın vaxtına gecikəcəyindən qorxur. Dəfələrlə durub saatı soruşur. Bu da Əlinin idmana həvəs və məsuliyyətini göstərir".

Mamed Mayılov onu da vurğulayır ki, nəvəsi tək idmanda deyil, digər fənlərdə də çalışqandır: "Dərslərini də yaxşı oxuyur, əlaçıdır. Şərəf lövhəsində şəkli var. Müəllimləri də ondan çox razıdır. Əli hər medal, ya diplom alanda məktəbdə bayramsayağı qeyd olunur".

"Səhər dərsə başlamazdan öncə şagirdlər himn oxuyandan sonra məktəbin direktoru Səfurə müəllimə və idmançı Əli müəllim Əlinin qazandığı nailiyyət barədə uşaqlara məlumat verir və mükafatı kollektivə nümayiş etdirirlər. Uşaqlar isə Əlini alqışlayırlar. Bütün bunlar isə Əliyə yeni qələbələr qazanmaq üçün ruh verir, stimul yaradır" – deyərək baba nəvəsi haqqında ağızdolusu danışır.

Xəbər lenti
0