Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 2 noyabr – Sputnik Azərbaycan. Noyabrın 2-də Bakıda "Böyük etnoqrafiya imlası" keçirilib. Bu mədəni, maarifləndirici Ümumrusiya aksiyasıdır və Rusiyada yaşayan xalqlar haqqında iştirakçıların biliklərini qiymətləndirməyə və etnomədəniyyət savadlılığının ümumi səviyyəsini yoxlamağa imkan verir.
Ötən il imlanı Rusiya və xaricdə 2600 meydançada 367 min insan yazıb.
Sputnik Azərbaycan xəbər verir ki, 2018-ci ildə belə çoxsaylı meydançalardan biri də Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) binasında təşkil olunub.
Ötən illərdən fərqli olaraq bu il imlanı həm əyani, həm də onlayn yazmaq olardı. RİMM rəhbərinin müavini Aleksandra Kalaminanın sözlərinə görə, Böyük etnoqrafiya imlasında iştirak üçün Bakıya gələ bilməyənlərə onlayn-test təşkil olunub: "Biz imlanı əyani olaraq keçirməyə çalışacağıq. Bu halda bir yerə toplaşmaq, tanış olmaq və söhbət etmək olur. Biz indi bunları birləşdirməyə cəhd etdik".
RİMM-də imla Bakı vaxtı ilə saat 11:00-da başlayıb. Mərkəzdə ayrılan yerdə onu 10-a yaxın insan yazırdı. http://miretno.ru/ saytında olan sistem 30 sual təqdim etdi. Bütün suallara cavab verməklə 100 bal toplamaq olardı.
Testdə iştirak etmək istəyənlərin noyabrın 5-dək vaxtı var. "Böyük etnoqrafiya imla"sını bu linkə daxil olmaqla http://miretno.ru/ yazmaq olar.
İmla bitdikdən sonra iştirakçılar bildiriblər ki, suallar çox maraqlı, bəzi yerlərdə isə çox çətin idi. Əsasən onlar Ural və Sibirdə yaşayan xalqların mədəniyyəti və məişətini əks etdirirdi.
Onların sözlərinə görə bəzi suallara intuitiv şəkildə cavab vermək məcburiyyətində qalıblar.
"Suallar asan deyildi. Təbii ki, 100 baldan 57-ni yığmaq utancvericidir. 30 sualdan cəmi 8 və ya 10-un cavabını bilirdim. Digərlərinə isə bəxtəbəxt cavab verdim" - deyə Roman Səidzadə bildirib.
Ümumrusiya aksiyasında iştirak etməyi ona "Azərbaycan Kazakları Həmyerlilər Birliyi"ndə təklif ediblər.
"Böyük etnoqrafiya imla"sında iştirakçıların sayının az olmasının səbəbi iştirakçıların böyük əksəriyyətinin onu onlayn yazmaq istəməsidir.