İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 29 oktyabr — Sputnik. Etiraf edək ki, ölkədə, xüsusən də paytaxtda fəaliyyət göstərən sərnişindaşıma xidməti qənaətbəxş səviyyədə deyil. Son vaxtlar intensivləşən avtobus qəzaları isə məsələnin ciddiyyətindən xəbər verir.
Vəziyyət o həddə çatıb ki, artıq prezident İlham Əliyev də məsələyə müdaxilə etdi. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bu barədə xüsusi tapşırıq və göstərişlərini verdi.
Prezident, xüsusilə vurğuladı ki, müvafiq qurumlar tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər çox ciddi təftiş olunmalıdır. Dövlət orqanları sərnişindaşıma xidməti göstərən özəl şirkətlərə çox ciddi nəzarət etməlidir.
Maraqlıdır, ölkə başçısının tapşırığından sonra sərnişindaşıma xidməti ilə məşğul olan şirkətlərin fəaliyyətində nə kimi dönüş yaranacaq? Həm aidiyyatı qurumlar, həm də özəl sərnişindaşıma şirkətləri ölkə başçısının göstərişlərindən nə nəticə çıxaracaq? Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə bir neçə şəxsə müraciət edib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən millət vəkili Rəfael Cəbrayılov qeyd edib ki, özəl sərnişindaşıma şirkətlərinin fəaliyyəti ilə bağlı işlər görülür: "Ancaq hər şeyi birdən dəyişmək mümkün deyil. Total şəkildə iş gedir. Özəl şirkətlər, onsuz da, ortadan çıxarılacaq. Şəhərin mərkəzində artıq çıxarılıb. Şəhərətrafı qəsəbələr üzrə də iş gedir. Əgər ölkə Prezidenti deyirsə ki, gələn il 300, imkan olsa, 500 avtobus alınacaq, deməli dəyişikliklər olacaq".
Deputat qeyd edib ki, son bir ildə avtomobil qəzalarının sayı azalaraq 900-ə çatıb: "Ancaq 2016-cı ilə qədər olan statistikaya nəzər salsaq, görərik ki, yollarda baş verən avtoqəzaların və bu qəzalar zamanı ölənlərin sayı çoxdur. 2014-cü ilin statistikasına görə, avtoqəzalar zamanı 1200 nəfər dünyasını dəyişib. Ölənlərin 3 misli qədərində, təqribən, 3600-ə qədər də xəsarət alanlar var. Heç Qarabağ döyüşlərində belə, bu hal müşahidə edilməyib. Ona görə də adama elə gəlir ki, paytaxtın yollarında müharibə gedir".
"İldə 1200 adamın ölməsi o deməkdir ki, gündə 3,5 adam ölür. Bu, heç vaxt olmayıb. İsveçdə il ərzində qəzalar zamanı ölüm faktı 2, Avstriyada 2,7, Türkiyədə 5, Azərbaycanda isə 33-36 faiz arasındadır. Bu o deməkdir ki, hər 3 qəzadan birində insan ölür" – deyən millət vəkili vurğulayıb ki, artıq həyəcan təbili çalmaq lazımdır.
"Əvvəllər deyirdik ki, qəzaların müxtəlif səbəbləri var: yollarımız, avtobuslarımız dünya standartlarına uyğun deyil və s. Ancaq mən hər zaman demişəm ki, qəzalara səbəb insan faktorudur. Problem sürücülərdədir. Sürücülük mədəniyyəti, sərxoş vəziyyətdə, həmçinin sürücülük vəsiqəsi olmadan avtomobil idarəetmə və s. səbəblərin əsasında da insan faktoru dayanır. Dünya standartlarına uyğunlaşdırılmış yollarımız, həmçinin avtobuslarımız da bunu sübut edir. Ona görə də insan faktoru üzərində işləmək lazımdır" – deyə millət vəkili vurğulayıb.
Cəbrayılovun fikrincə, qəzaların statistikasındakı azalma yol təsərrüfatındakı inkişafımızla adekvat deyil: "Əgər cəmiyyətdə "sürücülük vəsiqəsini pulla almaq mümkündür" söz-söhbəti gəzirsə, deməli səbəbin biri aydındır".
Nəqliyyat eksperti Azər Allahverənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərnişindaşıma ilə məşğul olan şirkətlər bəzi məsrəflərdən qaçır: "Ona görə də çoxsaylı narazılığın olduğu, sərnişinlərin kütləvi şəkildə hüquqlarının pozulduğu və avtobusların istismara yarasız olduğu xətlər tenderə çıxarılacaq. Tenderdə müəyyən şərtlərə riayət edən qurumlar udacaq".
A.Allahverənov sürücülərin psixoloji, narkoloji durumundan da söz açıb. Bildirib ki, Bakı şəhərində 40-dan çox sənişindaşıma fəaliyyəti ilə məşğul olan şirkət olsa da, onların yalnız 10 istehsalat bazası var: "Bu da o deməkdir ki, onların yalnız 10-da tibbi müayinələrin və s. aparılması üçün zəruri imkanlar var".
"Avtobus şirkətlərinin qarajı olmalıdır ki, mütəmadi olaraq onlara texniki baxış keçirilsin. Amma reallıqda şirkətlərin çoxunun qarajı belə, yoxdur. Avtobuslar icarəyə götürülmüş ərazilərdə və ya sürücülərin öz həyətlərində saxlanılır" – deyən Allahverənov vurğulayıb ki, Prezidentin nitqi bu kimi şirkətlərə mesaj idi.
Mütəxəssis düşünür ki, əgər həmin şirkətlər öz fəaliyyətlərində ciddi dəyişiklik etməsə, onlara qarşı ciddi qərarlar qəbul edilə bilər: "Bu da lisenziyanın ləğv edilməsidir. Təbii ki, şirkətlər bunu istəmirsə, öz idarəetmə üsullarına diqqət yetirməlidir".