BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a 3 saylı Şəhər Kliniki Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, hadisə zamanı xəsarət alan Əzimov Məmməd Sabir oğlu əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstə xəstəxanaya qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunub.
"Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin yaxınlarının istəyi ilə o, "City Hospital"a köçürülüb" - deyə xəstəxanadan bildirilib.
Burada da xəstənin həyatını xilas etmək mümkün olmayıb. M.Əzimovun dünyasını dəyişdiyini "City Hospital"-dan da Sputnik azərbaycan-a təsdiqləyiblər.
Xatırladaq ki, oktyabrın 1-də Binə-Qala şosesinin 34-cü kilometrliyində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu, Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi.
Beləliklə, dünyasını dəyişənlərin sayı 3 nəfərə çatıb.