Şahpəri Abbasova, Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 27 oktyabr — Sputnik. Qax rayonunun Qaratala kəndində bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Yaqub Qəhramanovun nəvəsi Yaqub Qəhramanlı at vurması nəticəsində xəstəxanaya düşüb.
Kənd sakini atı arabadan ayıran zaman nəvəsi arxa tərəfdə olub. Bu zaman at qəflətən təpik atıb. Ağır bədən xəsarəti alan 5 yaşlı uşağın vəziyyəti ağır olduğundan Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti orta-ağır olaraq qalır.
Atla bağlı daha bir olay Bərdənin Lənbəran kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 2002-ci il təvəllüdlü məcburi köçkün Aslanov Ayxan Qorxmaz oğlunu at dişləyib. Ailəsi ilə birgə müvəqqəti Lənbərənda məskunlaşan 16 yaşlı yeniyetmə sağ qolunun çiyin nahiyəsindən ağır xəsarət alıb, yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilib.
Hal-hazırda həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.