CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanın ən etibarlı dostuna xidmət və ya kişinin atı nallı olar

© Sputnik / Shahperi AbbasovaNalbənd Şahin Yusifov
Nalbənd Şahin Yusifov - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Yusifov: "Texnika nə qədər inkişaf etsə də, ata ehtiyac həmişə olacaq"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. "At igidin dostudur" deyib atalarımız. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Şeyx Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Koroğlunun "Qırat"ı, Qaçaq Nəbinin xanımı Həcərin xilaskarı "Bozat" dillər əzbəri olub. Ta qədimlərdə at ən qiymətli hədiyyə hesab edilib. Keçən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsindən olan "Zaman" adlı kəhər bağışlayıb.

İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu, əslində, insanın ata olan məhəbbətinin təzahürüdür. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə də ata ehtiyac duyulur.

© Sputnik / Shahperi AbbasovaNalbənd Şahin Yusifov
Nalbənd Şahin Yusifov - Sputnik Azərbaycan
Nalbənd Şahin Yusifov

Bu sədaqətli heyvanların isə ən yaxın dostları nalbəndlər hesab edilir. Hazırda unudulmaqda olan bu qədim peşəni qoruyub saxlamağa çalışanlar da var. Onlardan biri Qax rayonunun Əmbərçay kənd sakini Şahin Yusifovdur. İyirmi ildən artıqdır ki, nalbəndlik edən Ş.Yusifov sənətinin çətinlikləri haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır.

Həmsöhbətimiz bildirib ki, atın nallanması vacib amillərdən biridir: "Qədimdə yaşlı insanlar deyərdilər ki, "kişinin atı nallı olar". Bu söz ona görə deyilirdi ki, at nallı olanda rahat hərəkət edir. Dağlarda daha rahat gəzir".

O, təkcə nalbəndliklə məşğul olmur, həm də atlar üçün yüyən, palan, noxta və yəhər hazırlayır. Qəhrəmanımız bu sənəti zərurət yarandığına görə öyrəndiyini deyir: "Özüm dabbaqçıyam (yəni heyvan dərisini aşılayıb onu istifadəyə yararlı hala gətirən şəxs – red.). Dabbaqçılığı Şəki sənətkarlarından, nalbəndliyi isə öz-özümə öyrənmişəm".

Usta nalbənd ilk təcrübəsini öz atında tətbiq edib: "Kəndimiz dağ kəndidir. Atlarımız nalsız hərəkət edə bilmirdi. Əvvəllər qonşu Qaşqaçay kəndinə aparırdıq nallatmaq üçün. O kənddə də bir nalbənd var idi. Bəzən gedirdik nalbəndi tapmırdıq, neçə kilometr yolu geri qayıtmalı olurduq. Düşündüm ki, nalbəndliyi mən də bacara bilərəm. Bir neçə nalbəndin işinə baxıb başladım özüm də bu işlə məşğul olmağa. İlk dəfə öz atımı nalladım. Sonra qonşuların, daha sonra isə bütün kəndin atlarını nallamağa başladım".

© Sputnik / Shahperi AbbasovaAtın nallanması
Atın nallanması - Sputnik Azərbaycan
Atın nallanması

Qədim zamanlardan bu günümüzə gəlib çatan nalbəndlik sənətini yaşadanlar barmaqla sayılacaq qədər azdır. Müsahibimiz düşünür ki, bunun əsas səbəblərindən biri texnikanın sürətli inkişafı, kompüter, telefon və sairin həyatımızda ön plana keçməsidir: "Qədim peşələrə maraq azalıb. Çünki kompüter, texnika əsridir. Gəncləri başa düşürəm. Mənim oğlum da gəncdir, bu sahəyə marağı yoxdur. Mən onu məcbur edə bilmərəm ki, nalbənd ol. Amma qonşumuzun oğlu və kəndimizin bəzi cavanları bu sənəti öyrənmək, yaşatmaq istəyirlər. Texnika nə qədər inkişaf etsə də, ata ehtiyac həmişə olacaq".

"Ulu öndərimiz, sağlığında unudulmaqda olan peşələrin dirçəlməsi və inkişafı üçün sərəncam imzalamışdı. Bölgədəki mədəniyyət evlərinə bu peşələrin yenidən fəaliyyət göstərməsi üçün bəzi tapşırıqlar vermişdi. Bu, tariximizdir və unudulamamalıdır" — deyə nalbənd əlavə edir.

Ş.Yusifov payızda daha çox müştərisi olduğunu deyir: "Bölgəmizin əhalisinin əsas gəlir mənbəyi fındıq olduğundan həmin dövrdə mənim də müştərilərim bol olur. Bir də çobanların dağa çıxdığı vaxt müraciət edirlər. Qalan aylarda isə müştəri qıtlığı yaranır".

Həmsöhbətimiz nalbəndlik sənətinin çətinliklərindən də söz açır: "Nalı atın ayağına vurmaq yüksək ustalıq tələb edir. Mıxlama zamanı ani bir səhv atın ayağını zədələyə bilər və at yerimə qabiliyyətini itirər. Əgər mıx dırnağın mayasına dəyərsə, at uzun müddət axsayar".

O, ata nal vurarkən bəzi məqamlara diqqət etməyin vacib olduğunu vurğulayır: "Dədə-babadan deyirdilər ki, "Atı 3-ündə min, 4-ündə burax, 5-ində ya at, ya da sat. Yaxşı at olarsa, saxlayarsan, yaramazsa, satarsan". Atı tez, yəni 1-2 yaşında minəndə atın ayaqlarında alınma olur. Dağdan enəndə problem yaranır. Yaxşı olar ki, at 5 yaşına qədər minilməsin. 5 yaşından sonra nallamaq və minmək olar".

"Atı nallamaq, təqribən, yarım saat, 45 dəqiqə çəkə bilir. Bir nalın ömrü 2-3 ay davam edir. Yay aylarında atın dırnaqları uzanır. İndi vurduğumuz nalın yaza qədər ömrü var. Yay aylarında isə tez düşür. Çünki, üzərinə milçək qonanda at ayağını yerə vurur və nal xarab olur. Əsasən, səhər saatlarında nal vururuq. Çünki səhər saatlarında milçək az olur, atı nallamaq daha rahat olur" — müsahibimiz danışır.

Ustanın sözlərinə görə, dişi atlara nisbətən, erkək atlara nal vurmaq daha çətindir: "Minilməyən erkək "bay" atlara nal vurmaq çox çətindir. Onlara nal vurmaq həddən artıq zəhmət tələb edir. Onun nallanması çətin olduğundan sahibinə deyirik ki, atı əvvəldən çapsın, nallanmağa gələndə at yorğun olsun".

Şahin Yusifov hər il Novruz bayramı ərəfəsində kəndlərində at yarışları da təşkil edir. Bu da kişilik rəmzi sayılan atın unudulmamasına rəvac verir.

Xəbər lenti
0