İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması tapşırılıb.
Qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması qeyd olunub. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə edilib.
Əmrdən sonra artıq bir sıra məktəblərdə nəzarət gücləndirilib. Belə ki, məktəbə gələn uşaq özünü yaxşı hiss etmirsə, asqırırsa, öskürürsə, valideynə zəng edilir və uşaq sinifdən kənarlaşdırılır.
Mütəxəssislərin fikrincə, şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır.
Məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə həyata keçirilən tədbirlər hər zaman görülən işlərdir. Yəni yenilik yoxdur: "Məktəbdə çalışan tibb bacılarının işidir ki, hər gün infeksiya ilə məktəbə gələn uşaqları sağlam uşaqlardan təcrid etsinlər. Hər hansı bir ekstremal vəziyyətdə kömək eləsinlər".
S.Əhmədova qeyd edib ki, ərazi poliklinikaları bütün məktəblərə tibbi bacısı göndərir. Həkimlər isə bir neçə məktəbə təhkim edilir və onlar ara-sıra vəziyyəti müşahidə edir, uşaqları müayinədən keçirirlər.
Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə Sputnik Azərbaycan-a deyib ki, bununla bağlı xüsusi əsasnamə var: "Qrip də daxil olmaqla, hava damcı yolu ilə yayılan bütün infeksiyalar bura daxildir. Bu infeksiyaların yayılması çox vaxt lazımı tədbirlərin görülməməsi ilə bağlıdır".
"Xəstə uşaqların dərsə buraxılması, kollektivdə xəstə birinin olması, ictimai nəqliyyatda gigiyena qaydalarına riayət etməmək, lazım olduqda insanların yataq rejiminə keçməməsi respirator xəstəliklərin yayılmasına səbəb olur. Və sözügedən əsasnamədə bu təhlükəli prosesin qarşısının alınması üçün görülməli olan tədbirlər əksini tapıb" — həkim bildirib.
"Əvvəllər xəstə olan uşaqlar və ya şəxslər haqqında sahə həkiminə məlumat verilir, qeydiyyat aparılırdı. Lazım gəldikdə, arayış verilirdi. İndi də bu, tədricən reallaşmalıdır. Əslində bu, infeksiyanın yerində lokallaşdırılmasına xidmət edir. Məktəblərin tibb məntəqələrində bu nəzarət həyata keçirilməlidir" – deyə A.Qeybulla vurğulayıb.
Qeyd edək ki, son günlər "WhatsApp" qruplarında valideynlər uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığını iddia edirlər. Onlar xəstəliyin ağır olduğunu, ürəkbulanma, qusma, ishal, qızdırma və s. əlamətlərlə müşahidə olunduğunu deyirlər. Sputnik Azərbaycan-ın əməkdaşı yayılmış xəbərlərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyevə müraciət edib. O bildirib ki, hazırda qrip virusları tərəfindən törədilmiş və geniş yayılmış xəstəlik qeydə alınmayıb.
"Bu, sadəcə şayiədir. Hazırda payız fəslidir, üstəlik uşaqlar kollektiv arasında çox olurlar və bununla əlaqədar onlarda az-az mövsümi xəstəliklərə rast gəlinir. Yuxarı tənəffüs yollarında kəskin respirator virus infeksiyaları müşahidə olunur. Amma ölkədə uşaqlar arasında nə epidemiya, nə də kəskin bir virusun törətdiyi problem, xəstəlik var" — direktor bildirib.
N.Quliyevin sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb: "Əmrdə soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün tapşırıqlar öz əksini tapıb".
"Valideynlər hər zaman şayiə buraxırlar. Biz də istəyirik ki, jurnalistlər obyektiv mövqe tutsunlar, reallığı yazsınlar. Bilirsiniz ki, bizim xəstəxanada xəstə uşaqlar üçün çarpayılar var. Xəstələnmə çox olsa, xəstəxanamız dolu olar. Biz bunu müşahidə etmirik" — mütəxəssis qeyd edib.
O diqqətə çatdırıb ki, Azərbaycanda bu gün sübut olunmuş qrip virusunun törətdiyi infeksiya mövcud deyil: "Qrup və ya epidemiya şəklində yayılmış heç bir xəstəlik yoxdur. Valideynlər yaxşı olardı ki, uşaqlarının qışda az xəstələnməsi üçün yaydan hazırlıq görsünlər. Uşaqların qidalanmasına və geyiminə xüsusi diqqət yetirsinlər".
Xatırladaq ki, bir neçə gündür uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığı barədə məlumatlar dolaşır. Məlumatlara görə, infeksiya özünü hərarətin qalxması, ürəkbulanma, qusma, ishal, qəbzlik və s. əlamətlərlə göstərir.
Valideynlər iddia edirlər ki, xəstəlik tez bir zamanda yoluxur. Bu səbəbdən də, uşağı xəstə olan valideynlərə məsləhət görülür ki, uşaqlarını məktəbə və bağçaya buraxmasınlar.