Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Bu gün səhər Dərbənddəki inşaat meydançasında üç azərbaycanlı ölüb. Bu barədə Sputnik Azərbaycan-a Dərbəndin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Ölənlərin adları da məlumdur. Onlar Xızı rayon sakini, 1952-ci il təvəllüdlü İsgəndərov Nəsib Mikayıl oğlu, 1962-ci il təvəllüdlü Əhmədov Zurbala Saleh oğlu və 1973-cü il təvəllüdlü Zəkəriyyəyev Camal Kamal oğludur. Bədbəxt hadisə səhər saat 7-də şəhərin Salman küçəsində baş verib. Fəhlələr yeddinci mərtəbədən yıxılıblar.
İlkin məlumata görə, ölən şəxslər Cənubi Dağıstanda ən böyük tikinti şirkəti Gachalav Group-un tikdiyi binalara üzlüklərin çəkilməsi ilə məşğul olan "Stroyotdelserviz" podratçı təşkilatının fəhlələri olub.
Böyük ehtimalla bədbəxt hadisə üzərində fəhlələrin dayandığı konstruksiyanı saxlayan ipin qırılması nəticəsində baş verib. Ölənlər ora mövsümi işləmək üçün gediblər və qanunauyğun şəkildə işə qəbul ediliblər. Onların hər üçünün əmək müqaviləsi var imiş.
Hazırda hadisə yerində İstintaq Komitəsinin, Memarlığa texniki baxış idarəsinin və şəhər prokurorluğunun əməkdaşları işləyir. O da məlum olub ki, sözügedən tikinti meydançasında eyni vaxtda 30 nəfər işləyir. Lakin hələlik araşdırma aparıldığından, orada işlər dayandırılıb.
Qeyd edək ki, Gachalav Group tikinti şirkəti 10 ildir ki, uğurla fəaliyyət göstərir. Həmin şirkətə avar Hacılav Hacılayev rəhbərlik edir.