BAKI, 19 oktyabr — Sputnik. "Azərbaycanda ictimai nəqliyyat sahəsi dinamik inkişaf etsə də, hələ də çoxlu problemlər mövcuddur". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.
O bildirib ki, bu sahədə olan problemlərin bəzisini tez bir zamanda həll etmək mümkün deyil: "Bu gün ictimai nəqliyyatda yaranan problemlərin səbəbkarı kimi marşrut sürücüləri göstərilir. Sükan arxasında əyləşən sürücünün peşəkarlığı məsələsi ağrılı məqamdır. Yetərli bacarıq və qabiliyyətlərə malik olmayan, psixoloji və digər problemləri olan şəxslər ictimai nəqliyyatda sürcülük fəaliyyəti ilə məşğul olur".
"Bunun bir səbəbi də bu cür sürücülərə qarşı yüksək nəzarət mexanizminin mövcud olmamasıdır. Həmçinin, sürücü hazırlayan təlim tədris mərkəzlərinin yetərli sayda və keyfiyyətdə olmaması neqativ halların yaranmasına gətirib çıxarır" — Allahverənov vurğulayıb.
O, təklif edib ki, neqativ halların qarşısının alınması üçün sürücülərin bacarıq və qabiliyyətlərinin, həmçinin peşə fəaliyyəti xarakteristikalarının toplandığı bank yaradılsın: "Belə bir bankın yaradılması sürücülər arasında rəqabət formalaşdıra bilər".