BAKI, 19 oktyabr — Sputnik. Azərbaycanda vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, nəqliyyat vasitəsini bu gündən sonra 10 gün deyil, 20 gün müddətində texniki baxışdan keçirməlidir.
Sputnik Azərbaycan Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədov "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Əsasnamənin 7-ci (Məsuliyyət) bəndinə əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Sürücülər bu günə kimi vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idilər. Bu gündən etibarən isə bu müddət 20 gün olacaq.