BAKI, 16 oktyabr — Sputnik. Bu gün səhər saatlarında "Qarabağ qaziləri" İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib. Sputnik Azərbaycan-a bu xəbəri mərhumun döyüşçü dostları verib.
Onların bildirdiyinə görə, Etimad Əsədov xeyli müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" İctimai Birliyinin sədridir.