BAKI, 11 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Quba rayonuna səfər ediblər. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident və Birinci vitse-prezident səfər çərçivəsində bir sıra müəssisələrin açılışında iştirak ediblər.
Onlar əvvəlcə Quba rayonunda istifadəyə verilmiş İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışını ediblər. Dövlətimizin başçısı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar. Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.
İlham Əliyev və Mehriban Əliyeva səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Qubada bu gün, həmçinin "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva kompleksin açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər, orada yaradılan şəraitlə tanış olublar.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Qubaekoaqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında da iştirak ediblər. Dövlətimizin başçısı zavodu işə salıb.