BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Respublikası Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cari ildə Agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.
Xatırladaq ki, ABŞ bu il adı çəkilən təşkilata ənənəvi yardımı dayandırmaq barədə qərar qəbul edib. Rəsmi Vaşinqton 200 milyon dollarlıq yardımın verilməməsini HƏMAS təşkilatının fəaliyyəti ilə bağlayaraq, Qəzza sektorunda insanların həyatının təhlükəyə atıldığını bəyan edib.
Fələstin hakimiyyəti isə “ucuz şantaj” kimi dəyərləndirərək, Tramp administrasiyasını Fələstinin İsrail qarşısında geri çəkilməsinə təzyiq etməkdə ittiham edib.