BAKI, 7 dekabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı bütün dünyada geniş əks-səda doğurub. Sputnik Azərbaycan xəbər verir ki, İsraili çıxmaq şərtilə bütün ölkələr bu qərarı pisləyib.
Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Fransa, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi Trampın qərarını pisləyən açıqlama ilə çıxış edib. Hətta ABŞ-ın ənənəvi tərəfdaşı olan Böyük Britaniya belə, Trampın qərarı ilə razı olmadığını açıqlayıb.
Gözlənildiyi kimi ən sərt təpkini isə Fələstin administrasiyası göstərib. Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidentinin qərarını "İsrailin mükafatlandırılıması" kimi dəyərləndirib: "Bu qərar ABŞ-ın vasitəçilikdən çəkilməsi anlamına gəlir. Bu addım dünyada bitməyən savaşa yol açacaq. Onlar dini müharibə üçün bəhanə axtarırlar. Qüds Fələstin dövlətinin paytaxtıdır və heç kim, heç bir qərar Qüdsün ərəb şəhəri olmasını dəyişdirə bilməz".
Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib ki, ABŞ-ın vasitəçiliyindən imtina edirlər: "Fələstin olaraq biz İsrail ilə sülh prosesi üzrə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edirik".