BAKI, 10 oktyabr — Sputnik. "Bu gün daha çox danışmaqdansa, sabah meydanda iş görməliyik. Ona görə də hər hansı fikir bildirmək istəməzdim. Rəqibi tanıyıram və öz şansımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, futbolçularımız buna hazırdırlar".
Sputnik Azərbaycan "Report"a istinadaən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Farer adaları ilə səfərdə keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb…
— Süni örtüklü meydan və futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim yetirmələrinizə nə dərəcədə mane olacaq?
— Meydanla tanış oldum. Hava şəraiti elə də problem olmayacaq. Bütün diqqətimiz oyunda olmalıdır. Bütün bu şəraitlər hər iki komanda üçündür. Buna baxmayaraq, stadionun standartlardan fərqli olduğu hiss olunur. Amma əsas diqqəti rəqibə və oyuna yönəltməliyik. Meydanın və ölçülərinin oyuna istənilən halda təsiri olacaq. Futbolçularımız nə lazımdırsa, onun maksimumunu etməyə çalışacaqlar.
- Farer adalarından olan həmkarınız yorğunluq amilinin təsiri olacağını qabartdı. Bu amil təsirini göstərəcək?
— Nə mən, nə də futbolçular 14 saatlıq yolu düşünürük. Sabah bizə heç bir yorğunluq təsir göstərməməlidir. Futbolçular ən yaxşı oyunu sərgiləməlidirlər.
- Millətlər Liqasının görüşlərində yığmamız "dişsizlik”lə yadda qalıb. Üstəlik, Ramil Şeydayev də "Krılya Sovetov”da oyun praktikasından məhrumdur. Bunun fonunda Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən, "Prosen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?
— Açığı, Dadaşov cəmi iki məşq edib. Birgə məşq, ümumiyyətlə, az oldu. Sabah səhər məşqindən sonra tam qərar verəcəyəm. Amma hazırda heç bir problem və futbolçu çatışmazlığı haqqında düşünmürəm. Əksinə, hər şeyin qaydasında olduğunu və meydana tam hazır vəziyyətdə çıxacağını düşünürəm.
Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları — Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.