BAKI, 4 oktyabr — Sputnik. Bu gün Avropa Liqasında qrup mərhələsi çərçivəsində II turun görüşləri keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" E qrupunda növbəti oyununa çıxıb.
Cari mövsümdə qrup mərhələsində ilk ev qarşılaşması keçirən komandamızın rəqibi İngiltərə "Arsenal"ı olub.
Təkcə qrupun deyil, turnirin əsas favoritlərindən olan London klubu oyuna ikinci heyətlə çıxıb. Komandanın əsas heyətinin 6 əsas futbolçusu ümumiyyətlə Bakıya gəlməyib.
Bütün oyun boyu vəziyyətə nəzarət edən təcrübəli "Arsenal" "Qarabağ"a ciddi şans verməyib. Londonluların 3 hücumu isə ağdamlıların qapısına qol vurulması ilə nəticələnib.
Beləliklə, "Qarabağ" dalbadal ikinci oyunda da uduzaraq, qrupda sonuncu yerdədir. İki oyunda 6 xal toplayan "Arsenal" isə qrup lideridir.
Qeyd edək ki, E qrupunun paralel keçən oyununda Ukraynanın "Vorskla" komandası da ev oyununda Portuqaliya "Sportinq"inə 1:2 hesabı ilə uduzub.