BAKI, 1 oktyabr — Sputnik. "Növbəti il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər qanunlar olsa da, onların təkmilləşdirilməsinə ehtiyac var".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O bildirib ki, ölkədə bələdiyyə üzvlərinin sayı həddindən çoxdur.
"Dünya təcrübəsini götürsək, heç bir ölkədə bu qədər sayda bələdiyyə üzvlüyünün təmsilçisi yoxdur. Azərbaycanda ən kiçik kəndlərdə belə, 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir. Bir dairədən 1 millət vəkili seçilir, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Biz bunu təkmilləşdirilməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək" — S.Novruzov vurğulayıb.
Deputat yas və toy mərasimləri ilə bağlı da qanunların təkmilləşdirilməsinə ehtiyacın olduğunu söyləyib: "Düzdür, bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var".
"Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan, mərasimlərin tənzimlənməsi istiqamətində konkret olaraq qanun qəbul etməliyik" — millət vəkili əlavə edib.