BAKI, 28 sentyabr — Sputnik. Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PKK /PYD/YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər. Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi: "Türkiyə və Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya əsasən, PYD və YPG bölmələri 90 gün ərzində Mənbicdən çıxmalı idi, lakin bu baş vermədi".
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə, Rusiya və İranın birgə səyləri artıq Suriyada öz müsbət nəticəsini verir.
Vurğulayaq ki, bir çox ekspertlər Suriya məsələsində Türkiyə, İran və Rusiya arasında əməkdaşlığın formalaşmasından danışmağa başlayıblar. Maraqlıdır ki, Suriyada proseslər yeni başlayanda Türkiyə Rusiya-İran tandeminə qarşı idi. Lakin artıq Türkiyə öz xarici siyasət kursunda mühüm dəyişikliklər etməyə başlayıb. Türkiyədə hərbi çevriliş cəhdində Vaşinqton izinin olması iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradıb. Bu baxımdan, Ankaranın Moskva ilə yaxınlaşma siyasətini davam etdirəcəyi gözlənilir. Həmin kontekstdə Yaxın Şərqdə amerikalıların həyata keçirdiyi siyasətin bir sıra detalları üzərində dayanılaraq, Türkiyəyə zərər yetirəcək elementlərin olduğuna diqqət çəkilir.
Rəsmi Tehran isə hesab edir ki, Yaxın Şərqdə savaşın günahkarı yalnız terror qrupları deyil, həm də ABŞ-dır. Bu baxımdan İran və Türkiyənin ortaq mövqedə olması zamanın tələbi kimi görünür. Ayrıca, kürd kartından Amerikanın regionun böyük dövlətlərinə qarşı necə istifadə etməsi fonunda bu, kifayət qədər strateji mahiyyət kəsb etmiş olur. Belə ki, kürd qruplaşmalarının İranda fəallığı kəskin artıb. Söhbət İrana qarşı hazırlanmış planların reallaşmağa başlamasından gedir. Deməli, Tehran artıq separatçılıq təhlükəsini öz üzərində hiss etməkdədir. Bu da təbii olaraq ABŞ-ın tərtib etdiyi və Yaxın Şərqdə həyata keçirdiyi idarəolunan xaos planına qarşı region dövlətləri ilə əməkdaşlığı zəruri edir. Artıq uzun illərdir ki, Ankaranı separatizm alovunun içinə atıblar. İrandan fərqli olaraq bu ölkə uzun illərdir ki, aktiv surətdə terror məkanına çevrilib və burada əsas rolu kürd qruplaşmaları oynayır.
Siyasi araşdırmaçılar hesab edir ki, Tehranla Ankaranın terrorla mübarizədə ciddi əlaqələr qurmaq niyyətləri müsbət nəticələr verə bilər. Rusiyanın bu məsələdə İranla Türkiyənin yanında olması mümkündür. Ən azından ona görə ki, burada ABŞ-ın planlarının pozulmasından söhbət gedir. Sirr deyil ki, hazırda regionda fəaliyyət göstərən əsas terror qruplarının Vaşinqton və onun yaxın müttəfiqləri tərəfindən idarə edildiyi barədə informasiyalar yayılır.
Bütün bunlar Suriya məsələsində qüvvələr nisbətinin dəyişməsindən xəbər verir. Lakin unutmaq olmaz ki, Türkiyə təhlükəsizlik və müdafiə sahəsində Qərbə çox inteqrasiya olunub. Onun tamamilə həmin sistemdən aralanması ilk növbədə özünün milli maraqlarına uyğun deyil. Çətin ki, Tehran və Moskva da Ankaradan bunu tələb etsin. Burada əsas məqam ondan ibarətdir ki, illərdir Vaşinqtonun Yaxın Şərqdə apardığı geosiyasi oyunlara son qoyulsun.
Qarşıdakı mərhələdə Türkiyə daha müstəqil siyasət yeritməyə çalışacaq, İran özünü qorumaq üçün bütün imkanlardan istifadə edəcək, Rusiya qlobal gücə çevrilmək planından vaz keçməyəcək. Ancaq indi onların hamısını birləşdirən bir hədəf var — ABŞ-a qarşı duruş gətirmək. Məhz həmin sahədə Rusiya-İran-Türkiyə əməkdaşlıq formatının perspektivini dəyərləndirmək mümkündür.
Türkiyə Rusiya ilə hərbi, siyasi, iqtisadi və sair sahələrdə əməkdaşlığı genişləndirməyə səy göstərir. Ancaq İranla sadəcə İraq Kürdüstanı bölgəsində hərbi koordinasiyanın təşkil olunması üçün çalışır. Eləcə də Suriyada hərbi əməliyyatların koordinasiya edilməsində əməkdaşlıq edirlər. Yəni, hazırda Türkiyənin Rusiya ilə əlaqələri strateji əməkdaşlıq səviyyəsinə çıxarıldığı halda, İranla sadəcə bir sıra regional problemlərin həllində əməkdaşlıqdan o tərəf keçmir. Siyasi təhlilçilərin fikrincə, İran-Türkiyə əlaqələrinin Rusiya-Türkiyə əlaqələri səviyyəsinə gəlib çatması üçün Tehranın seçim etməsi lazım gələcək. Lakin istənilən halda 3 ölkənin koordinasiyalı fəaliyyəti mövcuddur. Hazırkı yaxınlaşma daha çox bölgədəki situasiya və daha yaxın maraqların uzlaşması ilə bağlıdır. Çünki hər 3 dövlətin regional maraqları bu mərhələdə bəzi məsələlərdə üst-üstə düşür. Üstəlik İran və Türkiyəni birbaşa təhdid edən məsələ var. Bundan başqa ABŞ-ın kürd məsələsində Türkiyəyə güzəştə getməməsi Ankaranı narazı salıb və Moskva ilə yaxınlaşmağa vadar edir. Lakin bu yaxınlaşmanın möhkəm ittifaqa çevriləcəyini söyləmək hələ tezdir…