BAKI, 27 sentyabr — Sputnik. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı "Qırmızı kitab"a düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O, qeyd edib ki, həmin şəxslərdən Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb. Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.
"Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub" — deyə İbrahimova bildirib.
Qanadı zədələnmiş Şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.