BAKI, 25 sentyabr — Sputnik. 2016-cı ildə Türkiyədə Rusiya səfiri Andrey Karlovu öldürən Mert Altıntaş cinayətdən 9 saat əvvəl xəstəliyə görə məzuniyyət götürüb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Altıntaş klinikada quraşdırılan videomüşahidə kamerasına düşüb. O, həkimə ishaldan əziyyət çəkdiyini deyərək, xəstəliklə bağlı bir günlük məzuniyyət istəyib. O, həkimə polis olduğunu bildirməyib. Məlum olub ki, Altıntaş xəstəxanaya getməzdən əvvəl kompüterdə ishal barədə məlumat axtarıb.
Daha sonra o, işdə heç kim şübhələnməsin deyə xəstəxanadan aldığı kağızı idarəyə gətirib. Ardına isə Karlovun çıxış edəcəyi qalereya yaxınlığında olan otel gedib.
Xatırladaq ki, Rusiyanın Ankaradakı səfiri Karlov 2016-cı il dekabrın 19-da Ankarada iştirak etdiyi sərgidə çıxışı zamanı öldürülmüşdü. Səfirin qatili Mevlut Mert Altıntaş da polis tərəfindən güllələnmişdi.
Cinayətlə bağlı sərginin təşkilatçısı Mustafa Timur Özkan, "Guru Medya Yayın Qrupu"nun rəhbəri Xeyrəddin Aydınbaş və 3-ü polis olmaqla 7 nəfər həbs edilib.