BAKI, 25 sentyabr — Sputnik. Bakıda keçirilən cüdo üzrə dünya çempionatında cüdoçumuz Elmar Qasımov ard-arda iki qələbə qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın üçüncü dəfə bəxt üzünə gülməyib.
Belə ki, o, 1/8 finalda Gürcüstan təmsilçisi Varlam Lipartelianiyə məğlub olub. Cüdoçular əsas vaxtda qalibi müəyyənləşdirə bilməyiblər. Əlavə vaxt təyin edilib. Bu zaman isə Liparteliani ipponla qələbə qazanmağı bacarıb. Bununla da Elmar Qasımov dünya çempionatı ilə vidalaşmalı olub.
Qeyd edək ki, Elmar Qasımov bundan öncə 1/32 finalda İsveç idmançısı Martin Paceklə, 1/16 finalda Monteneqro təmsilçisi Danilo Pantiçlə mübarizə aparmışdı. O, hər iki qarşılaşmada rəqilərinə ipponla qalib gəlmişdi.