Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 24 sentyabr — Sputnik. Yasamal rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində öz ad günündə qardaşına ağır bıçaq xəsarətləri yetirən şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, sentyabrın 18-də axşam saat 18:00 radələrində 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib. Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Həcallı Sərxan Alxan oğlu 1990-ci il təvəllüdlü qardaşı Acalov Qaraxan Alxan oğluna bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Xoşbəxtlikdən zərərçəkmiş yaşayır. O, hazırda ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Cinayətdən dərhal sonra Həcallı soyadlı qardaş qaçaraq gizlənib.
İlkin araşdırma zamanı məlum olub ki, həmin gün Sərxanın ad günü olub. Böyük qardaş Qaraxan kiçik qardaşının ad gününü qeyd etmək üçün işdən icazə alaraq evə tez gəlib. Qeyd edək ki, qardaşlar eyni ünvanda yaşayıblar. Qaraxan evə gəldiyi zamanı onu qarşılayan həyat yoldaşından Sərxanın harada olduğunu soruşub. Həyat yoldaşı qapını göstərərək Sərxanın qonağı olduğunu bildirib. Böyük qardaş qapını döyüb, cavab gözləmədən qapını açıb və cütlüyü qucaq-qucağa görüb. Qardaşının bu cür davranışı Qaraxanın xoşuna gəlməyib və Sərxanı tənqid edib. O, qardaşına həyat yoldaşının və uşaqlarının olduğu evə yad qızı gətirməyin düzgün olmadığını bildirib.
Bu an dərhal paltarını geyinən Sərxan mətbəxə keçib və qardaşını ora çağıraraq bıçaqlayıb. Qardaşına ağır bədən xəsarətləri yetirdikdən sonra Sərxan evə gətirdiyi yad qızı da götürərək naməlum istiqamətdə hərəkət edib.
Lakin Sərxan Həcallı elə də uzağa gedə bilməyib. Polis onu metronun "Koroğlu" stansiyası yaxınlığında saxlayıb. Həcallı istintaqdan gizlənmək üçün şəhərdən çıxmağa cəhd edib. İstintaq zamanı o, işlədiyi cinayəti boynuna alıb və bildirib ki, qardaşına zərər yetirmək istəməyib. Onun sözlərinə görə, ilk olaraq qardaşı onun üzərinə bıçaqla hücum edib və o, özünü qorumaq məcburiyyətində qalıb.
Hazırda istintaq saxlanılan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyini araşdırır. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Sərxanın öz ad gününü qeyd etmək üçün evə gətirdiyi həmin qızı da tapıb. Lakin onu cinayət məsuliyyəti gözləmir. Qız bu cinayət işində yalnız şahid qismində çıxış edəcək.