BAKI, 24 sentyabr — Sputnik. Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "ADEX-2018" Müdafiə Sərgisində Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş etdiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu sərgi ilə bağlı keçirilən mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda zirehli maşın son sınaqlardan keçirilir, onun istehsalı ilə bağlı tamamlanma işləri aparılır. "Tufan" zirehli maşınının nümunəsi hazırdır və sərgidə nümayiş olunacaq. Son sınaqlar başa çatandan sonra isə onun istehsalına başlanılacaq.
"Əsas odur ki, istehlakçılar zirehli maşından razı qalsınlar" — deyə Musayev bildirib.
O həmçinin qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin keçirəcəyi sərgidə 260-dan artıq məhsul nümayiş etdiriləcək: "Parisdə keçirilən müdafiə və təhlükəsizlik sərgisində (EUROSATORY-2018) 260 adda məhsul nümayiş etdirilmişdi. Düşünürəm ki, Bakıdakı sərgidə onların sayı daha çox olacaq".
Musayevin dediyinə görə, sərgidə əvvəllər nümayiş olunan məhsulların təkmilləşdirilmiş versiyaları təqdim olunacaq. Nazir müavini bildirib ki, burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə yanaşı, Milli Elmlər Akademiyası, Dövlət Sərhəd Xidməti, Hava Hücumundan Müdafiə Mərkəzləri də öz məhsulları və xidmətlərini təqdim edəcəklər.
Nazir müavini xarici ölkələrdə sərgiyə olan marağın artdığını qeyd edib. Bildirib ki, Bolqarıstan, Çernoqoriya, Belarus, Ukrayna və Qana da daxil olmaqla, bir sıra dövlətlərin nazirləri və müvafiq dövlət qurumlarının rəhbərləri sərgiyə qatılacaq.
Jurnalistlərlə söhbətində Musayev Azərbaycanın müdafiə sənayesinin məhsullarının xarici ölkələrdə satışının artdığını qeyd edib. Nazir müavini bildirib ki, müştərilər və sifarişçilər arasında əsasən Asiya, Afrika, Yaxın Şərq və NATO üzvü olan ölkələr var.
Əsas təşkilatçı olan ITE Group şirkətinin regional direktoru Edvard Stron isə öz növbəsində deyib ki, belə bir sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın müdafiə sənayesinin inkişafına strateji dəstək verməkdir.
Onun sözlərinə görə, sərgidə Avropanın müdafiə sənayesi müəssisələri də təmsil olunacaq. Şirkət ABŞ istehsalçılarını da sərgiyə cəlb etmək üzərində ciddi çalışır.
Sərginin meneceri Orxan Əhmədov ADEX-2018-də təmsil olunacaq ölkələrdən iştirak edən şirkətlərin və nümayəndə heyətlərinin sayının artdığını qeyd edib. Əhmədov əlavə edib ki, bu il Azərbaycandan olan iştirakçıların da sayı artıb. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərgiyə ilk dəfə qatılacaq və öz startaplarını təqdim edəcək. Xəzər Dəniz Gəmiçiliyi Şirkəti, Yüksək Texnologiyalar Parkı və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) də sərgiyə qatılacaq.
Ümumilikdə sentyabrın 25-27-də keçiriləcək "ADEX" sərgisində dünyanın 30 ölkəsindən 225 şirkət iştirak edəcək. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək. Azərbaycan, Türkiyə, Belarus, Pakistan, Rusiya, İran, İsrail, Ukrayna, Çin, Serbiya, Fransa və digər ölkələr "ADEX 2018" sərgisində öz milli stendləri ilə çıxış edəcəklər.
Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Türkiyə sərgidə 41 şirkətlə təmsil olunacaq. Rusiya 25, İsrail 14, Belarus isə 10 şirkətlə sərgiyə qatılacaq. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.
Bakı Ekspo Mərkəzinin üçüncü zalında Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaq. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan "Vitta" Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.
Xatırladaq ki, sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" (CEO) şirkəti çıxış edir.
Sərgi sentyabrın 27-dək davam edəcək.